BMT baş katibinin xüsusi nümayəndəsinin Azərbaycana səfəri Ermənistanı təşvişə salıb
Qeyd edildiyi kimi, Latviyanın keçmiş prezidenti, BMT baş katibinin xüsusi nümayəndəsi, Avropa Şurasının uzunmüddətli inkişafı üzrə ekspert qrupunun sədr müavini Vayra Vike-Freyberqa Azərbaycanda səfərdədir. SİA-nın verdiyi məlumata görə, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı məsələnin BMT Baş Assambleyasında müzakirəsinin gündəmdə olduğu bir vaxtda Baltikyanı ölkənin keçmiş prezidentinin Azərbaycana səfəri Ermənistanı ciddi təşvişə salıb. Baxmayaraq ki, Baş Assambleyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ təxirə salınıb, lakin bunun BMT Baş Assambleyasının oktyabrda keçiriləcək 65-ci sessiyasında yenidən gündəmə gətiriləcəyi gözlənilir. Bu da öz-özlüyündə Ermənistanı əməlli-başlı narahat edir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT-nin diqqətini cəlb etmək istədiyini düşünən və düşüncəsində bu dəfə yanılmayan Ermənistan mediyası hesab edir ki, Azərbaycan tərəfi bu dəfə alət kimi Latviyanın keçmiş prezidentindən istifadə edir. Məhz Azərbaycandakı görüşlər zamanı çıxışında xanım Vayra Vike-Freyberqa Ermənistanın bu təşvişi üçün ciddi əsas verib. "BMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi nümayəndə təyin etməlidir",- deyə BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycanda çıxışında bildirib. Onun fikrincə, xüsusi nümayəndənin təyini münaqişənin həllini tezləşdirə bilər: "Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edir. Ermənistan da o cümlədən münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB