“Lənkəranda limon və narıngi bağlarının 80-85 faizi sıradan çıxıb”

“Lənkəranda limon və narıngi bağlarının 80-85 faizi sıradan çıxıb”

Kənd təsərrüfatının gəlirli sahələrindən olan sitrusçuluğa diqqət artırılmalıdır. Bu sözləri SİA-nın cənub bürosuna açıqlamasında Lənkəran Dövlət Universitetinin kafedra müdiri, professor Fərman Quliyev bildirib. Onun sozlərinə görə, 2008-2009-cu illərdə baş verən şaxtalar sitrus plantasiyalarına ciddi ziyan vurub. Nəticədə təkcə Lənkəran rayonunda limon və narıngi bağlarının 80-85 faizi sıradan çıxıb. Yeni bağların salınması istehsalçıların öz hesabına başa gəlib.Bu səbəbdən də son illər bazarda yerli sitrus meyvələrinin qiymətində artım müşahidə olunub. Kəskin iqlim dəyişkliyi sitrusçuları da seçim qarşısında qoyub. Əgər əvvəllər Lənkəran rayonunda daha çox limon, narıngi ağaclarının əkininə fikir verilirdisə, hazırda bu tendensiya dəyişib. İndi bağbanlar həm xəstəlik və zərərvericilərə, həm də şaxta və quraqlığa davamlı, istər yerli, istərsə də xarici bazarda böyük tələbat duyulan feyxa, kivi, yapon əzgili meyvə ağaclarının əkilməsinə daha çox maraq göstərirlər.

Professor Fərman Quliyev bildirib ki, qlobal iqlim dəyişikliyi ilə bağlı hazırda elə sortlara üstünlük verilməlidir ki, yeni əkilən bitkilər həm quraqlığa, həm şaxtaya davamlı olmaqla yanaşı, həm də yüksək keyfiyyəti və məhsuldarlığı ilə seçilsin. Hazırda dünya bazarına çıxmaq üçün bu dörd göstərici əsas götürülür. Digər tərəfdən yeni salınan bağların pasportlaşdırılmasına da xüsusi fikir verilməlidir ki, ağacların qulluq edilməsi elmi əsaslarla aparılsın.

Hazırda Lənkəranda yeni sitrus plantasiyaların salınmasına başlanıb. Bu il rayonda meyvə-tərəvəz zavodunun istifadəyə verilməsi də torpaq mülkiyyətçilərini bu gəlirli sahəyə diqqəti artırmağa sövq edib.

Qeyd edək ki, hazırda rayonda 1320 hektara yaxın məhsuldar sitrus bağları var. Təkcə son iki ildə 170 hektar sahədə yeni plantasiyalar salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə