Ombudsman Elmira Süleymanova Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə Şirvan şəhərində növbəti ictimai dinləmə keçirmiş, eyni zamanda bələdiyyələrin işi də müzakirə olunub.
SİA-nın məlumatına görə, ictimai dinləmədə şəhər icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatların, KİV-lərin və icmaların nümayəndələri iştirak ediblər.
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov tədbiri açaraq, İnsan Hüquqları üzrə Müvəkkili salamlamış, bu ictimai dinləmənin əhəmiyyətini vurğulayıb.
Məruzəçi insan hüquqlarının müdafiəsinin və MFP-nin əhəmiyyətini qeyd edərək, rayonda bu sahədə görülmüş işlər, insan hüquqları ilə bağlı tədbirlər, vətəndaşların qəbulu, müraciətlərinə baxılması və digər tədbirlər haqqında ətraflı məlumat verib.
Ombudsman qarşıdan gələn Parlament seçkilərini, seçki kampaniyasına artıq start verildiyini nəzərə alaraq, seçki hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, ölkə Prezidentinin bu sahədə müvafiq Sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini vurğulamış, əhalini seçkilərdə fəal iştirak etməyə çağırıb.
Tədbirdə E.Süleymanova bu şəhərdə MFP-nin icrası, insan hüquqlarının müdafiəsi, seçki hüquqlarının, o cümlədən seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmini, məhkəmə qərarlarının icra olunması və digər zəruri məsələləri müzakirəyə çıxarıb.
Müzakirələrdə şəhər məhkəməsinin sədri, şəhər bələdiyyəsinin hüquqşünası, QHT-lərin nümayəndələri və digər iştirakçılar çıxış edərək, burada MFP və insan hüquqları üzrə fəaliyyət, son məhkəmə-hüquq islahatları, ölkə Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni məhkəmələrin yaradılması və regionlarda yerləşdirilməsi, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi istiqamətdə bir sıra qanunlara və normativ hüquqi aktlara dəyişiklik və əlavələr edilməsi, kriminogen durumun sabitliyi, münaqişədə olan ailə üzvlərinin barışdırılması, təhsil və səhiyyə hüquqları ilə bağlı görülən işlər, dövlət orqanları, bələdiyyələrin və QHT-lərin fəaliyyəti, maarifləndirmə tədbirləri və digər məsələlər barədə məlumat veriblər.
Ombudsman səfər çərçivəsində İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) müvəqqəti saxlama təcridxanasına baxış keçirmiş, saxlanılan şəxslərlə söhbət aparmış, onlara hüquqlarını izah edib. Həmin şəxslər burada saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməmiş, bəziləri barələrində istintaqın qeyri-obyektiv aparılmasından narazılıq bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB