"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu səfərinin nə dərəcədə effektiv olduğu səfərdən sonra atılacaq addımlarda özünü büruzə verəcək"
Mətbuatdan da məlum olduğu kimi, ATƏT-nın Minsk Qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair vasitəçilik missiyasına uyğun olaraq regiona səfər ediblər. Həmsədrlər səfər çərçivəsində Ermənistanada olub və bu ölkənin müdafiə naziri Vigen Sarqsyan, prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla da görüşüblər. Daha sonra vasitəçilər işğal altında olan Azərbaycan ərazilərinə səfər edərək, Xankəndidə görüşlər keçiriblər. Həmsədrlər iyunun 19-da Bakıya səfər edəcək və sonda onların adından bəyanat yayılacaq. Söhbət etdiyimiz ekspertlər ATƏT-in Minsk Qrupunun həmsədrlərinin budəfəki səfərlərinin əvvəlki səfərlərindən heç nə fərqlənməyəcəyini bildirdilər.
Politoloq Rüstəm Məmmədov:
- Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üzərilərinə düşən öhtəliyi yerinə yetirə bilmirlər. Bu da Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına gətirib çıxarır. Yaxşı olardı ki, həmsədr ölkələr işğalçı Ermənistana qarşı ciddi sanksiyalar tətbiq etsinlər. Çünki günahkar olan Ermənistan, özünə qarşı hər hansı bir cəza görmədiyi halda, istədiyi kimi hərəkət edərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ətrafında gedən danışıqlarda hər hansı bir razılığa gəlməyərək, vaxtın bir qədər də uzanmasına çalışır. Bu məsələdə dəstəkçi ölkələrin rolu da az deyil. Çünki Ermənistana dəstək göstərməklə status-kvonun saxlanılmasında işğlçı dövlətə yardım göstərirlər.
Politoloq Elçin Mirzəbəyli:
- Artıq uzun illərdir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı vasitəçilik missiyasını həyata keçirirlər. Amma bu illər ərzində həmsədrlər irəliyə doğru hər hansı bir addım atmayıb. Bunun da səbəbi bəllidir. ATƏT-in Minsk Qrupunun həmsədrləri mənsub olduqları ölkələrin siyasətini həyata keçirirlər. Bu baxımdan, konkret olaraq, regiona səfər edən şəxslərin timsalında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi nəticə verə biləcək hər hansı bir addımın atılması mümkün deyil. İndiki şəraitdə isə .həmsədr dövlətlər, faktiki olaraq, həm Cənubi Qafqazda, həm də, bütövlükdə regiona yaxın ərazilərdə rəqabət aparan dövlətlərdir. Geosiyasi müstəvidə və bu aspekdən bu dövlətin arasında da Dağlıq Qarabağ münaqişəsinin həlli müstəvisində hər hansı bir uzlaşmanın olmadığı qənaətindəyəm. İndiki şəraitdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu səfərinin nə dərəcədə effektiv olduğunu səfərdən sonra atılacaq addımlar da özünü büruzə verəcəkdir. Gec-tez işğalçı ölkə olan Ermənistan Azərbaycan torpaqlarını geri qaytarmağa məcbur olacaqdır. Çünki işğal altında olan torpaqlarımız Azərbaycan dövlətinə aiddir.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB