Jurnalistlər üçün elmi maarifləndirmə və təbliğat kursları keçirilir

Jurnalistlər üçün elmi maarifləndirmə və təbliğat kursları keçirilir

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri” mövzusunda jurnalistlər üçün qısamüddətli elmi maarifləndirmə və təbliğat kurslarına başlanıb.

SİA-nın xəbərinə görə, elmi maarifləndirmə və təbliğat kursunda çıxış edən Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov bildirib ki, məqsəd son iki yüz ildə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasətinin mahiyyəti, eləcə də Qarabağ həqiqətlərinin daha sistemli öyrənilməsi və dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir.

AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov isə çıxışında “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri” mövzusunda mühazirə oxuyub: “Ermənilər Azərbaycan torpaqlarına kütləvi halda XIX əsrdən köçürülməyə başlanıb. Lakin sonradan silahlı dəstələr yaradaraq yerli əhalini məhv etməyə və həmin ərazilərdə öz dövlətlərini yaratmağa girişiblər. Xalq Cümhuriyyəti dövründə İrəvan şəhəri və ətraf ərazilərin Ermənistana verilməsi faktı da bir daha sübut edir ki, ermənilər bizim torpaqlarda dövlət qurublar. Bunu nəzərə alsaq, Ermənistan Azərbaycana qarşı yox, Azərbaycan Ermənistana qarşı haqlı ərazi iddiası irəli sürə bilər”.

Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun Qarabağ şöbəsinin baş elmi işçisi Nazim Mustafa “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)” mövzusunda məruzə ilə çıxış edib. Onun sözlərinə görə, ermənilərin azərbaycanlılara qarşı ən böyük kütləvi qırğınları məhz bu dövrü əhatə edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən Qarabağ Araşdırmalar Mərkəzində iyunun 13-dən 19-dək keçiriləcək kurslarda proqram üzrə mühazirələri Azərbaycanda bu sahədə tanınmış alimlər və mütəxəssislər oxuyacaqlar.

Kursların sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim ediləcək.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə