OPEK 50 yaşında

Neft İxraç edən Ölkələr Təşkilatı (OPEK) 50 yaşını qeyd edir. SİA-nın məlumatına görə, təşkilat 14 Sentyabr 1960-ci il tarixində İraqın paytaxtı Bağdad konfransında İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela tərəfindən yaradılıb.

 

Yarandiği 1960-cı illərdə OPEK-in neftin qiyməti üzərindəki təsiri məhdud idi. Ancaq bu vəziyyət 1973-cü ildəki Ərəb-İsrail müharibəsində ABŞ-ın İsrailə verdiyi dəstəyə cavab olaraq neft embarqosunun tədbiqi ilə dəyişdi. Təşkilat Səudiyyə Ərəbistanının neft naziri Şeyx Əhməd Zəki Yamaninin harizmatik liderliyi ilə gücləndi. OPEK-in rəhbərliyinə 1962-ci ildə gətirilən Yamani 1986-cı ilə qədər bu vəzifədə çalışıb. OPEC neft hasilatçıları üçün ədalətli və sabit qiymətləri təmin etmək, neft istehlakçılarının neftə olan tələbini nizamlı olaraq ödəmək və neftdən əldə edilən gəliri neft sektoruna investisiyaya qoymaq üçün üzv ölkələr arasında neft siyasətində işbirliyini qarşısına məqsəd qoyur.

 

Təşkilata daha sonralar Qətər (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmrlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973), Qabon (1975) və Anqola üzv olub. Ekvador 1992-ci il dekabr ayından 2007-ci il oktyabr ayına kimi təşkilata üzvlüyünü təxirə salıb. Qabon 1995-ci ildə təşkilatdan çıxıb. İndoneziya neft ixracatçısından neft idxal edən ölkəyə çevrilməsi ilə qurumdakı iştirakını 2005-ci ilin yanvar ayında təxirə salıb. Hal-hazırda OPEK-in üzvləri Səudiyyə Ərəbistanı, Venesuela, İran, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Nigeriya, Qətər, Əlcəzair, Anqola və Ekvadordur. Təşkilatın baş qərargahı ilk beş il İsveçrənin Cenevre şəhərində yerləşib, 1 Sentyabr 1965-ci il tarixində isə Avstriyanın paytaxtı Vyanaya köçürülüb.

 

İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela, "Yeddi Bacı" olaraq tanınan (ABŞ-ın Exxon, Mobil, Chevron, Gulf, Texaco, Hollandiya və İngiltərənin birgə şirkəti Shell və İngiltərənin BP) beynəlxalq neft şirkətlərinin xam neft qiymətlərini qəsdən aşağı salmalarına, əksinə özlərinin yüksək qazanc əldə etmələrinə cavab olaraq OPEK-i yaradıb. Təşkilatın tarixi ilə bağlı ən yaddaqalan hadisələr isə aşağıdakılardır:

 

-1973-cü il. Neft bazarında ilk böhran 1973-cü ildə Ərəb-İsrail müharibəsi ilə meydana çıxıb. Ərəb ölkələrinin Qərbə qarşı tədbiq etdiyi neft embarqosu 1973-cü ildə bir barreli 2,83 dollar olan neftin qiymətini 1974-cü ildə 10,41 dollara qaldırıb.

 

-1975-ci il. "Cakal Carlos" ləqəbli Venesuelalı İliç Ramirez Sançesin başçılıq etdiyi qrup 1975-ci ilin dekabr ayında OPEK-in Vyanadakı toplantısına daxil olaraq təşkilatın başçısı və Səudiyyə Ərəbistanının neft naziri Yamani ilə OPEK nazirlərini girov götürüb.

 

-1979-1980-cu illər. OPEK-də Səudiyyə Ərəbistanından sonra ikinci böyük neft ixracatçısı İranda baş verən İslam İnqilabı ikinci neft böhranına gətirib çıxarıb. 1980-ci ildə İraq İrana hücum edib. İlin sonunda Şimal dənizində çıxarılan xam neftin bir barrelin qiyməti 40 dollara çıxıb.

 

-1980-1986-cı illər. On ildə rekord səviyyəyə çıxan neftin qiyməti 1980-ci ildən sonra düşməyə başlayıb və 1986-cı ildə qiymətdəki eniş 46 faiz ilə ifadə olunurdu. "Brend" markalı xam neftin bir barrelin qiyməti 8,75 dollara qədər aşağı düşüb. OPEK bundan sonra sabit qiymət tətbiqindən imtina edib və neft bazarında itirdiyi bazar payını yenidən qazanmaq üçün qiymətləri endirib.

 

-1990-1991-ci illər. İraqın Küveyt işğalı və ilk körfəz müharibəsi ilə neftin qiyməti 41,90 dollara yüksəlib.

 

-1997-99-ci illər. Asiyada iqtisadi böhranın başlaması səbəbi ilə OPEK hasilatın miqdarını 10 faiz yüksəltməyi qəbul edib. İqtisadi böhran 1998-ci ilin sonunda "Brend" markalı neftin qiymətini 10 dollardan da aşağı salıb. -2001-2003-cü illər. Dünyanın ən böyük iqtisadiyyatı və ən böyük enerji istehlakçısı ABŞ-da 11 Sentyabr hadisəsi neft qiymətinin aşağı düşməsi ilə nəticələnib. ABŞ və onun müttəfiqlərinin İraqı işğal etməsi ilə neft bazarında neftə olan tələb gündəlik 2,5 milyon barrel azalıb. Neftin qiyməti müvəqqəti olaraq aşağı olub, ancaq artan tələb 2003-2004-cü illərdə neftin qiymətini canlandırıb.

 

-2008- 2008-ci ilin ilk günlərində xam neftin bir barrel qiyməti ilk dəfə 100 dollar sərhəddini keçib. Neft qiymətindəki sürətli yükləliş davam edib və 2008-ci ilin iyul ayında qiymət 147,27 dollarla bütün dövrlərin ən yüksək səviyyəsinə qalxıb. Qlobal iqtisadi böhran ilə neftin qiyməti 147,27 dollardan 2008-ci il dekabr ayında 32,40 dollara qədər geriləyib. Neft qiymətindəki enişin qarşısını almaq üçün OPEK hasilatı azaldıb. Bundan sonra, 2009-cu ilin sonundan etibarən neft qiyməti 70-85 dollar ətrafında hərəkət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə