İctimai dinləmələr Hacıqabulda davam etdirilib

İctimai dinləmələr Hacıqabulda davam etdirilib

Xəbər verildiyi kimi, Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) respublikamızın hər bir rayonunda təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirməsi məqsədilə silsilə ictimai dinləmələr keçirir. Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, növbəti ictimai dinləmə Hacıqabul rayonunda təşkil olunmuş, həmçinin bələdiyyələrin işi də müzakirə edilib.

İctimai dinləmədə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatların, KİV-lərin və icmaların nümayəndələri iştirak ediblər.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov açıb.

Ombudsman E.Süleymanova eyni zamanda Hacıqabulun inkişafını, buradakı ictimai dinləmənin əhəmiyyətini qeyd edərək, Azərbaycanda hər hansı ayrı-seçkiliyə yol vermədən insan hüquq və azadlıqların müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırıb. E.Süleymanova ölkəmizdə, o cümlədən bu rayonda uğurla icra olunan MFP və həmin sənədin istiqamətləri, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər, habelə Ombudsman təsisatının fəaliyyəti barədə ətraflı məlumat verib.

Ombudsman qarşıdan gələn Parlament seçkilərini, seçki kampaniyasına artıq start verildiyini nəzərə alaraq, seçki hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, ölkə Prezidentinin bu sahədə müvafiq Sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini vurğulamış, əhalini seçkilərdə fəal iştirak etməyə çağırıb.

Tədbirdə E.Süleymanova bu rayonda MFP-nin icrası, insan hüquqlarının müdafiəsi, seçki hüquqlarının, o cümlədən seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmini, məhkəmə qərarlarının icra olunması və digər zəruri məsələləri müzakirəyə çıxarıb.

Müzakirələrdə rayon hakimi, müəllimlər, fəal qadınlar və digər iştirakçılar çıxış edərək, rayonda MFP və insan hüquqları üzrə fəaliyyət, son məhkəmə-hüquq islahatları, ölkə Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni məhkəmələrin yaradılması və regionlarda yerləşdirilməsi, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi istiqamətdə bir sıra qanunlara və normativ hüquqi aktlara dəyişiklik və əlavələr edilməsi, kriminogen durum, maarifləndirmə tədbirləri və digər məsələlər barədə məlumat veriblər.

Eyni zamanda bir sıra problemlər – daşqının nəticələri ilə bağlı bəzi çətinliklər, narkomaniyanın yayılması, boşanmaların artması, alimentlərdən yayınma və b. səsləndirilib.

Tədbirin sonunda E.Süleymanova Ombudsman təsisatının və bir sıra dövlət qurumlarının qaynar xətləri barədə məlumat verərək, insanların müraciətlərinə dərhal baxıldığını vurğulamış, MFP-nin nüsxələri, illik nəticələrin müzakirəsi ilə bağlı keçirilmiş yekun konfranslarının kitab şəklində nəşr olunmuş materialları, təsisat tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər təqdim olunub.

Ombudsman səfər çərçivəsində İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama təcridxanasına baxış keçirmiş, saxlanılan şəxslərlə söhbət aparmış, onlara hüquqlarını izah edib. Həmin şəxslər burada saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə