AMEA-nın nümayəndə heyəti İrana səfər edəcək

AMEA-nın nümayəndə heyəti İrana səfər edəcək

AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov 30 nəfər nümayəndə heyəti ilə İrana səfər edəcək. SİA-nın məlumatına görə, səfərin məqsədi 14-16 sentyabr tarixlərində Təbriz (İran) şəhərində Serac Universiteti tərəfindən keçiriləcək "Energetikanın texniki və fiziki problemləri" adlı beynəlxalq konfransda iştirak etməkdir.

Rumıniya, İspaniya, Türkiyə, İran və Azərbaycan alimlərinin iştirak etdiyi tədbirdə bazar iqtisadiyyatı şəraitində enerji sistemlərinin problemlərinə aid məsələlər müzakirə olunacaq.

Konfransda əsasən alternativ və bərpa olunan enerji sistemlərinin araşdırılması, enerji sistemlərinin ekoloji problemlərinin təhlili, enerji sistemlərinin iqtisadi səmərəliliyinin təmini və ümumiyyətlə enerji sistemlərinin dayanıqlı istismarının təşkili məsələlərinə aid məruzələr dinləniləcək.

Konfransda akademik A.Həşimov "XXI əsr enerji sistemlərinin inkişaf istiqamətləri" adlı məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, mütəmadi olaraq hər il keçirilən konfransın 2013-cü ildə Bakıda keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə