Türkiyə 12 Sentyabr çevrilişinin 30-cu ildönümündə tarixi bir qərar verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, xalq Konstitusiyanı qismən dəyişdirərək daha azad və demokratik bir dövrün qapısını açıb.
Əhalinin 58 faizi Konstitusiya dəyişikliklərinə "hə" dediyi halda, 42 faizi "yox" deyib. Bundan sonra Türkiyədə yüksək məhkəmə və seçki sistemində dəyişiklik ediləcək. Məhkəmə başda olmaqla bir sıra sahələrdə də əhəmiyyətli islahatlar aparılacaq. Dəyişikliklər 26 maddəlik konstitusiya paketində əksini tapıb. Seçki hüququ olan vətəndaşların 77 faizi referendumda iştirak edib.
Türkiyədə yeni dövrü başladacaq ən önəmli islahatlar isə aşağıdakılar olacaq
-Çevrilişdə iştirak edənlərin toxunulmazlığı ləğv edildi
-Vətəndaşlar heç bir halda hərbi məhkəmə ilə mühakimə olunmayacaq
-Partiyalar bağlansa belə millət vəkillərinə siyasi qadağa qoyulmayacaq
-Konstitusiya Məhkəməsinə fərdi şəkildə müraciət edilə biləcək
-İş adamlarının xaricə çıxışı üçün qadağa qərarını ancaq məhkəmələr verəcək
-Məmurlar ümumi şəkildə müqavilə bağlamaq haqqına sahib oldu
Referendumda 49 milyon 446 min 369 seçici 51 min 546 seçki qutusundan istifadə edib. "Hə" səsini verənlən ağ, "yox" səsini verənlər isə qəhvəyi rəngdən yararlanıb. Ənənəvi olaraq Cümhuriyyət Xalq Partiyasının güclü olduğu sərhəd bölgələrində "yox" səsləri üstünlük təşkil etdiyi halda, böyük şəhərlərdə gözlənildiyi kimi iqtidar AKP partiyası və onun tərəfdarları qalib çıxıb. İstanbul və Ankarada AKP-nin çağırışları müsbət cavablandırılıb, İzmir isə "yox" deyib. Şərqi və Cənub-Şərqi Anadolu bölgəsində kürdlərin dəstəklədiyi BDP-nin boykot qərarı əhəmiyyətli rol oynayıb. Seçicilərdən 11 milyon 338 min 169-u referendumda iştirak etməyib. Ümumilikdə seçicilərdən 58,02 faizi (21 milyon 815 min 460) "hə", 41,98 faizi (15 milyon 789 min 968) isə "yox" səsini verib.
Yeni Konstitusiya ilə 1980-ci il 12 sentyabrdakı çevrilişdə iştirak edənlərin mühakiməsi üçün yol açıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB