Azərbaycanın cənub bölgəsinə yağan leysan yağışlar ciddi fəsadlar törədib

Azərbaycanın cənub bölgəsinə yağan leysan yağışlar ciddi fəsadlar törədib

Sentyabrın 9-dan Lerik rayonunda intensiv yağışlar çaylarda suyun səviyyəsinin qalxmasına və daşqınlara səbəb olub. Sel suları Lənkəran-Lerik avtomobil yolunu bağlayıb və bu da sakinlər üçün böyük peoblemlər yaradıb. Səhərə yaxın ağır texnikanın köməyi ilə yol açılıb, gediş-gəliş bərpa olunub.

 

Lerik rayon Fövləqadə Hallar Komissiyasının sədri, rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov SİA-nın bölgə müxbirinə bildirib ki, bölgədə son 15-20 ilədə belə güclü yağış yağmayıb. İki gün ərzində dağ çaylarında suyun səviyyəsi kritik həddə çatıb. Rayonda sel suları altında qalan kəndlərdən 100-ə yaxın ailə, o cümlədən əhaliyə məxsus mal-qara Fövqəladə Hallar Nazirliyi (FHN) Cənub Regional İdarəsinin texnikasının köməkliyi ilə təbii fəlakət yerindən müvəqqəti olaraq qohumlarının evlərinə köçürülüb.

 

Lerikdə dağ çaylarında suyun artması Lənkəran və Astara rayonlarındakı çayların da öz məcrasından çıxmasına səbəb olub, ətrafdakı yaşayış məntəqələri üçün böyük təhlükə yaradıb. Lənkəran çayında axşam saatlarında suyun səviyyəsi 3 metrdən çox qalxıb. Lənkəran şəhərini rayonun kəndləri ilə birləşdirən Lənkərançayın üzərindəki körpüdə nəqliyyatın və əhalinin hərəkəti müvəqqəti dayandırılıb Lənkəranın dəniz kənarındakı çay sahili kəndlərində 100-dən çox evin həyətini su basıb. Gecə ilə Lənkəran şəhər İcra Hakimiyyəti həmin ərazidən əhalinin təhlükəsiz yerə köçürülməsini təmin edib. Eyni zamanda əhalinin mal-qarası da ərazidən çıxarılıb. Lənkəran şəhərinin Cavanşir və Vidadi küçələrindəki evlərə də ziyan dəyib, bu ünvanlardan 20-yə yaxın ailə qohumlarının evinə köçürülüb.

 

Ümumilikdə isə Lənkəran rayonunun Kosalar, Velədi, Yuxarı Nüvədi, Əşlə, Siyobili, Rvo və Təngərud kəndlərində onlarla yaşayış evini sel suları basıb. Yuxarı Nüvədi kənd sakini Rəvayət İmaməli qızı Bayramovanı sel aparıb.

 

Sel Astara rayonuna da ziyan vurub. Hazırda cənub bölgəsində güclü yağışlar davam etməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə