ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar

Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri - Robert Bradke (ABŞ), Bernar Fasie (Fransa) və İqor Popov (Rusiya) regiona son səfərlərinin yekunu ilə bağlı bəyanat yayıblar. ATƏT-in rəsmi saytına istinadən SİA-nın verdiyi xəbərə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri sentyabrın 6-9-da Bakıya, İrəvana və Dağlıq Qarabağa səfər etdiklərini bildiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və bütün tərəflərin hərbi nümayəndələri, eləcə də həmsədrlər təmas xəttindən piyada Xankəndinə keçiblər. Burada əsas məqsəd bütün tərəflərə 1994-cü ildə imzalanan atəşkəs rejiminin ciddi şəkildə hörmət edilməli olmasını nümayiş etdirmək, təmas xəttinin qonşu xalqlar arasında daimi olaraq sədd olmamasını göstərməkdir. Bu, vasitəçilərin 2001-ci ilin noyabrından bu vaxta qədər təmas xəttini keçdikləri ikinci haldır. Sentyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyevlə, sentyabrın 9-da Ermənistan prezidenti Serj Sarkisyanla və sentyabrın 8-də Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyi ilə görüşlərində həmsədrlər sentyabrın 6-da açıqladıqları qarşıdakı ayların iş planını təqdim ediblər. Onlar vurğulayıblar ki, planlarını həyata keçirə bilmək və ATƏT-in dekabrda keçiriləcək sammitinə qədər olan aylarda irəliləyiş əldə etmək üçün bütün tərəflərin daha konstruktiv yanaşmasına ehtiyac olacaq. Həmsədrlər sentyabrın sonu - oktyabrın ortalarında daha əvvəl razılaşdırılmış qiymətləndirmə missiyasının Dağlıq Qarabağ ətrafı ərazilərə səfəri ilə bağlı bütün tərəflərlə müzakirələr aparıblar. Onlar missiyanın elementlərini təqdim ediblər və missiya üçün hazırlıqlarını yaxın gələcəkdə yekunlaşdıracaqlar.

Həmsədrlər bir daha qəti şəkildə bütün tərəflərdən atəşkəsə hörmətlə yanaşmağı və təmas xəttində, eləcə də bəyanatlarında təmkinli olmağı xahiş ediblər. Həmsədrlər tərəfləri təmas xəttində bir-birinin sahələrinə keçməməyə çağırıblar. Bütün tərəflərin 1994-cü il atəşkəsinə sadiq qaldığını təsdiq etdiyi vaxtda həmsədrlər bir daha bu öhdəliyin əməldə də yerinə yetirilməsinin vacib olduğunu bir daha qeyd ediblər.

Həmsədrlər Azərbaycanın BMT-nin Baş Assambleyasında Dağlıq Qarabağ münaqişəsinə dair qərar layihəsinin müzakirəsini təxirə salmaqla bağlı qərarını təxirə salmasını alqışlayır. Eyni zamanda onlar bir daha qeyd ediblər ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini yeganə doğru yol olduğu qənaətində qalır.

Qiymətləndirmə missiyasını yerinə yetirmək üçün regiona qayıtmazdan əvvəl həmsədrlər tərəflərlə BMT Baş Assambleyası çərçivəsində işləmək məqsədilə Vaşinqton və Nyu-Yorka səfər edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...