“Qazaxıstan” teleradio şirkətinin rəhbəri Azərbaycana gəlir

“Qazaxıstan” teleradio şirkətinin rəhbəri Azərbaycana gəlir

Ölkəmizdə iki qardaş xalqı birləşdirən dəyərlərdən, birgə tarixindən və mədəniyyətindən bəhs edən silsilə reportajlar hazırlanacaq

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov “Qazaxıstan” Teleradio Şirkətinin yeni təyin olunan rəhbəri Yerlan Karinlə görüşüb. Diplomat Yerlan Karini məsul vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, bu təyinatın qardaş ölkənin sözügedən sahəyə müsbət təsir edəcəyinə dair əminliyini ifadə edib. SİA-nın Qazaxıstan və Orta Asiya berosunun verdiyi məlumata görə, ölkəmizin diplomatik missiyasının rəhbəri vurğulayıb ki, Azərbaycanda Y.Karini əvvəllər işlədiyi vəzifələrdə həmişə dövlətlərimiz arasında münasibətlərin inkişafı və möhkəmləndirilməsinə töhfələr verən şəxs kimi tanıyırlar.

R.Məmmədov cari ildə Qazaxıstanda və Azərbaycanda “EKSPO-2017” və “Formula-1” kimi böyükmiqyaslı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edərək “Qazaxıstan” telekanalının ölkəmizin telekanalları ilə əməkdaşlığın genişləndirilməsini təklif edib. Bu çərçivədə qarşı tərəfdən qeyd olunan tədbirlərin geniş işıqlandırılması, xalqlarımızın adət-ənənələri və mədəniyyəti barədə silsilə verilişlərin hazırlanmasının mümkünlüyünü nəzərdən keçirilməsi xahiş edilib.

“Qazaxıstan” Teleradio Şirkətinin Y.Karin xoş sözlərə görə səfir Rəşad Məmmədova təşəkkür edərək təmsil etdiyi qurumun Azərbaycan teleradio şirkətləri ilə faydalı münasibətlərin qurulmasında maraqlı olduğunu qeyd edib. O, iyun ayının ortalarında ölkəmizə gələrək telekanallarımızla əməkdaşlıq barədə Memorandum imzalamağa hazır olduğunu vurğulayıb.

Yerlan Karin bildirib ki, bir müddət əvvəl rəhbərlik etdiyi qurum oxşar Memorandumu Qırğızıstan telekanalları ilə imzalayıb və bu da informasiya sahəsində daha sıx münasibətlərin yaradılmasına şərait yaradıb. O bu yaxınlarda Azərbaycana səfər edəcəyini, səfərin nəticəsi olaraq ölkəmizdə iki qardaş xalqı birləşdirən dəyərlərdən, birgə tarixindən və mədəniyyətindən bəhs edən silsilə reportajların hazırlanacağını bildirib.

R.Məmmədov bu ideyanı dəstəkləyərək sözügedən Memorandumun imzalanmasının iki ölkə KİV-i arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük töhfə verəcəyinə əminliyini ifadə edib. Görüş zamanı Ermənistan tərəfindən Azərbaycanın 20 faiz ərazilərinin işğal edilməsi, xarici ölkə KİV-də qanunsuz Dağlıq Qarabağ separatçı rejiminin təbliğ edilməsi cəhdləri, rəsmi Bakının qadağalarına zidd olaraq əcnəbi jurnalistlər üçün işğal olunmuş torpaqlarımıza səfərlərin təşkil edilməsi məsələləri barədə həmsöhbətə ətraflı məlumat verilib.

Y.Karin KİV-də təcavüzkar separatizmin təbliğ edilməsinin yolverilməz olduğunu birmənalı olaraq bildirərək rəhbərlik etdiyi telekanalda bu məsələyə xüsusi diqqətlə yanaşıldığını vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə