Bu gün İslam dünyası Ramazan bayramını qeyd edir

Bu gün və sabah İslam dünyasının ən müqəddəs günlərindən biri - Ramazan bayramıdır. SİA-nın məlumatına görə, bu il avqustun 11-dən başlayan Ramazan ayı artıq sona çatdı.

 

SİA-nın məlumatına görə, şəvval hilalının (Ay) görünməsindən asılı olaraq, Ramazan bayramı miladi təqvimi ilə sentyabrın 9-na və ya 10-na düşür. Buna görə də Azərbaycanda hər iki gün bayramdır. Bayram namazının vaxtı hər iki gün səhər saat 10.00-dadır.

Qeyd edək ki, bu bir ay müddətində müsəlmanlar adətən niyyət tutaraq səhər sübh namazını qılır, oruc tutur, axşamlar isə iftar açaraq yenə namaz qılır, Allah qarşısında mənəvi borclarını yerinə yetirirlər. İslam aləmində Ramazan bayramında valideynlərə, qohum-əqrəbaya baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara diqqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti bəyənilən əməllərdən hesab olunur.

 

Bundan başqa, Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrət payı çıxmalıdır. Fitrət bayram namazına qədər çıxılmalıdır, onun miqdarı üç kilo xurmanın və ya buğdanın bazar qiyməti ilə tənzimlınmılidir. Bu isə hər ailə üzvünə görə ən azı 4 manat fitrət payı çıxılması deməkdir. Fitrət payının imkansız insanlara, əlillərə, kimsəsizlərə verilməsi məqbul sayılır.

 

Mərhəmət, xeyir-bərəkət, səbr, yaxşılıq ayı olan Ramazanda hər kim oruc tutan birinə iftar veribsə, günahlarının bağışlanmasına və cəhənnəmdən xilas olması istiqamətinə böyük iş görmüş olur.

 

Allah oruc və namazlarınızı qəbul etsin, bayramınız mübarək olsun!

Bütün xəbərlər Facebook səhifəmizdə