Ombudsmanın nümayəndələri Qubadakı psixoloji reabilitasiya mərkəzində və internat məktəbində olublar
Ombudsmanın MPM qrupunun üzvü Fəzail Həsənov və Müvəkkilin Quba Regional Mərkəzinin əməkdaşları onun tapşırığına əsasən, azadlığı məhdudlaşdırılmış şəxslərin saxlanıldığı müəssisələrə, o cümlədən psixiatriya xəstəxanalarına baxışları davam etdiriblər.
Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, növbəti baxışların keçirilməsindən məqsəd psixonevroloji xəstələrin, habelə valideyn himayəsindən məhrum olmuş, kimsəsiz uşaqların saxlanma şəraiti, müalicəsi, qidalanma rejiminin və onlara qarşı rəftarın öyrənilməsindən ibarət olub. Ombudsmanın nümayəndələri 31 avqust 2010-cu il tarixdə Qubadakı rayonlararası psixoloji reabilitasiya mərkəzində, həmçinin yetim və kimsəsiz uşaqlar üçün internat məktəbində olublar.
Psixoloji reabilitasiya mərkəzində xəstələrin müalicə olunduğu palatalara, yataq yerlərinə baxış keçirilmiş, onların müalicə və saxlanma şəraiti, dərman preparatları ilə təminatı, qida rejimi öyrənilib.
MPM qrupunun üzvləri bu müəssisədəki ümumi istifadə yerlərinin gigiyena tələblərinə uyğunluğu, sanitariya vəziyyəti ilə də tanış olublar. Bəzi palataların döşəməsinin betondan olduğu müəyyənləşdirilib.
İnternat məktəbinin şagirdləri ilə söhbət zamanı onlar saxlanma şəraitindən narazılıq etməmiş, məktəbin müdiriyyəti və tərbiyəçiləri tərəfindən zorakılıq halları ilə qarşılaşmadıqlarını söyləyiblər.
Ombudsmanın nümayəndələri yetim və kimsəsiz uşaqlar üçün internat məktəbində uşaqların yataq yerlərinə, yeməkxanaya və mətbəxə, sinif və kompüter otaqlarına, idman zalına, kitabxanaya baxmış, vəziyyət ümumən qənaətbəxş hesab olunub.
Qrupun üzvləri internat məktəbinə yeni avadanlığın, mebelin , təzə yataq dəstlərinin verilməsi, qarşıdakı dərs ilinə hazırlıqla bağlı aparılan cari təmir işlərinin bu günlərdə başa çatdırılacağı barədə məlumat alıblar.
Psixonevroloji xəstələrə, həmçinin yetim və kimsəsiz uşaqlara həssas münasibət göstərilməsinin zəruriliyi, onlara qarşı istismar, zorakılıq, sui-istifadə və təhqiredici rəftar kimi halların yolverilməz olduğu baxış keçirilmiş müəssisələrin rəhbərliyi və işçilərinin diqqətinə çatdırılmış, müvafiq tövsiyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB