Səbuhi Abbasov: “Biz istənilən halda ayıq-sayıq olmalıyıq” AÇIQLAMA

Səbuhi Abbasov: “Biz istənilən halda ayıq-sayıq olmalıyıq” AÇIQLAMA

“Ermənistan mediası Gürcüstandakı anti-Azərbaycan şəbəkənin dağıdılmasını “Gürcüstanın nüfuzuna xələl gətirən” hal, Azərbaycanın Gürcüstana qarşı “təxribatı” kimi qələmə verməyə cəhd göstərir. Bununla onlar iki ölkə və xalq arasında olan dostluq münasibətlərini pozmaq niyyətlərini güdürlər”. Bunu SİA-ya açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib.

“Bilirsiniz ki, Ermənistan həm siyasi, həm iqtisadi, həm də sosial sahədə Azərbaycandan da qat-qat geridədir. Bu gün bu ölkədə baş verən böhran dalğası bunu deməyə əsas verir. Ermənistanın yeganə siyasi aləti hər zaman olduğu kimi təxribatlar, internet media üzərindən aparılan oyunlardan ibarətdir. Etiraf etmək lazımdır ki, artıq bu sahədə də Azərbaycan düşmən ölkəyə əks-zərbələr vurmaq iqtidarındadır və üstünlüyü ələ alıb. Həm ölkə daxilində, həm xaricdə ölkəmizə qarşı başlanılan təxribat, həyata keçirilən aksiyalar birmənalı şəkildə dayandırılır və düşmənin özünə qarşı yönəldilir. Gürcüstanda baş verən proseslər isə bu faktoru bir daha təsdiqləmiş oldu. Gürcüstanla Azərbaycan son 20 ildə uğurlu qonşuluq siyasəti yürüdərək müxtəlif istiqamətlərdə sıx əməkdaşlıq edirlər. Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyini həyata keçirən ilk və yeganə dövlətdir.

Bundan başqa ölkəmiz Gürcüstana ciddi investisiyalar yatırıb. Belə olan təqdirdə Gürcüstanda erməni maraqlarına xidmət edən anti-Azərbaycan şəbəkəsinin formalaşması rəsmi Tiflisin maraqlarına ziddir. Məhz bu səbəbdən də Gürcüstan höküməti rəsmi Bakı ilə müsbət əlaqələrin tərəfdarı olduğunu bir daha sübüt etmiş oldu. Lakin hesab edirəm bu istiqamətdə ermənilər növbəti təxribatçı şəbəkənin qurulmasına çalışacaqlar. Yəni biz istənilən halda diqqətli və ayıq-sayıq olmalıyıq”-deyə, S.Abbasov fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə