Bu gün Daşkəsən Rayon İcra Hakimiyyətinin iclas zalında Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının IX konfransı keçirilib. Konfransda Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Mirkazım Kazımov, Milli Məclisin deputatları Kamran Bayramov, Rövşən Rzayev, Naqif Həmzəyev, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, Qərb bölgəsinin şəhər və rayontəşkilatlarının sədrləri, qonaqlar, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, 270 nəfər konfrans nümayəndəsi iştirak ediblər.
Konfransı açıq elan edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev YAP-ın yaranması və keçdiyi inkişaf tarixindən, o cümlədən də YAP Daşkəsən rayon təşkilatının ötən dövrdən bu günədək gördüyü işlərdən bəhs edən geniş məzmunlu məruzə ilə çıxış edib.
O, bildirib ki, Yeni Azərbaycan Partiyası çətin tarixi dövrdə zərurətdən yaranıb: "Belə ki, 1991-ci ildə dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmizin sonu görünməyən faciələrlə üzləşməsi, bacarıqsız rəhbərlərin hakimiyyət uğrunda çəkişmələri, ayrı-ayrı siyasi qüvvələrə xidmət göstərən şəxslərin öz maraqlarını dövlət mənafeyindən üstün tutması, torpaqlarımızın təcavüzkar erməni silahlı birləşmələri tərəfindən işğalı bütün respublikamızın daxili ictimai-siyasi və iqtisadi sabitliyinin pozulmasına gətirib çıxarmışdı. Belə bir vəziyyətdə xalqı ağır durumdan çıxarmağa, onun sabaha olan inamını yenidən özünə qaytarmağa, xalqın bütün təbəqələrinin maraqlarını Azərbaycançılıq ideyası ətrafında birləşdirməyə qadir olan siyasi partiyanın yaradılması məhz xalqın tələbi idi.
1992-ci ilin noyabrın 21-də Azərbaycanın mütərəqqi qüvvələrinin Ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək Ümummilli liderimizin sədrliyi altında respublikanın ictimai-siyasi səhnəsində cəmiyyətdəki qüvvələr nisbətini və bundan sonra ölkədə baş verəcək hadisələrin axarını əsaslı surətdə dəyişən Yeni Azərbaycan Partiyasını yaratması Azərbaycanın müasir tarixini çox mühüm hadisəyə çevirdi".
Əhəd Abıyevin çıxışından sonra konfransının gündəliyinə uyğun olaraq YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyevin təşkilatın ötən dövr ərzində gördüyü işlər barədə hesabat məruzəsi dinlənilib. Sonra təşkilatın Nəzarət-təftiş qrupunun sədri Yaşar Məhərrəmov hesabat məruzəsi ilə çıxış edib.
Ardınca məruzələr ətrafında çıxışlar başladı. YAP rayon təşkilatının Qadınlar şurasının sədri Rəna Aslanova, YAP rayon təşkilatının Gənclər Birliyinin sədri Elşən Alıyev, Milli Məclisin deputatları Rövşən Rzayev, Kamran Bayramov, Naqif Həmzəyev, YAP Siyasi Şurasının üzvü Mirkazım Kazımov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək YAP Daşkəsən rayon təşkilatının ötən dövr ərzindəki fəaliyyətini yüksək qiymətləndirərək, konfransın işinə uğurlar arzulayıblar.
Konfransda təşkilati məsələlərə baxılaraq Meydanəli Yolçuyev yenidən YAP Daşkəsən rayon təşkilatının sədri seçilib. Həmçinin rayon təşkilatına 25 nəfərdən ibarət şura üzvü, 5 nəfərdən ibarət nəzarət-təftiş qrupunun üzvü seçilib.
Sonda YAP sıralarına yeni qəbul olunan bir qrup gəncə YAP-ın üzvlük vəsiqələri təqdim olunub, onlara qiymətli hədiyyələr verilib.








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB