"Hansısa qüvvələr Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirə bilməz" MÜNASİBƏT
“Anti-Azərbaycan qüvvələrinin ölkəmizin daxili işlərinə qarışması cəhdi ilk hal deyil. Bundan öncə də belə hadisələrlə rastlaşmışıq. Lakin Azərbaycanda həyata keçirilən daxili və xarici siyasətlə bağlı elə kurs götürülüb ki, ölkəmizə qarşı atılan istənilən cəhd iflasa uğrayır”. Bunu SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin direktoru Rufiz Qonaqov deyib.
Ölkə prezidentinin həyata keçirdiyi uğurlu siyasət nəticəsindən Azərbaycanın Cənubi Qafqaz regionunun və dünyanın ən sabit, təhlükəsiz ölkələrindən birinə çevrildiyini deyən Mərkəz direktoru söyləyib ki, Azərbaycan Ermənistan istisna olmaqla bütün region ölkələri ilə mehriban qonşuluq siyasəti həyata keçirir: “Məhz bunun nəticəsidir ki, ölkəmiz dünyada böyük nufuza malikdir. Belə olan halda, təbii ki ölkəmizə qarşı qısqanclıqların sayı artır və nəticə etibarı ilə anti-Azərbaycan qüvvələri kimlərisə media adı ilə ortaya ataraq Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edirlər. Lakin bunların Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Çünki, bu cür addımlar artıq işlənmiş metodlardır və belə vasitələrlə heç bir halda ölkəmizə təsir etmək mümkün deyil”.
Bu gün Azərbaycanın dünya miqyaslı layihələr həyata keçirdiyini deyən R. Qonaqov bildirib ki, hansısa qüvvələr Azərbaycanla qonşu Gürcüstan arasında münasibətlərə xələl gətirə bilməz: “Təsadüfi deyil ki, bu gün Ermənistan mediası və erməni lobbisinin təsir dairəsində olan xarici KİV-lər və təşkilatlar Azərbaycanın nüfuzunu ləkələməyə, habelə Gürcüstan hakimiyyətinə təzyiq göstərməyə çalışırlar. Lakin bu gün həm Gürcüstan hakimiyyəti, həm də bu ölkənin vətəndaşları bütün bunların Azərbaycana qarşı təxribat olduğunu görür və buna uymurlar”.
Mərkəz direktoru qeyd edib ki, Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır, qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində yaxından iştirak edən ölkədir: “Belə olan halda, iki ölkə arasında münasibətlər xırda nüanslara görə pozula bilməz. Bu gün Azərbaycan sakitlik və sabitliyi ilə seçilən ölkələrdəndir. Azərbaycanda bütün təşkilatların, insanların fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Ölkəmizdə media və internet azadlığı var. Bunu ölkəmizə gələnlər öz gözləri ilə görür və etiraf edirlər. Bu gün hansı Avropa ölkəsində sərbəst gəzmək mümkündür? Dünyanın demək olar ki, hər yerində terror və digər hadisələr baş verir. Lakin Azərbaycanda bunların heç biri yoxdur. Belə olan halda, təbii ki, Azərbaycanı sevməyən qüvvələr qıcıqlanır və hər yolla ölkəmizin daxili işlərinə müdaxilə etməyə cəhd edirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB