Hikmət Hacıyev: “İşğalçı dövlətin cəzasızlıq sindromuna son qoyulmalıdır” MÜSAHİBƏ

Hikmət Hacıyev: “İşğalçı dövlətin cəzasızlıq sindromuna son qoyulmalıdır” MÜSAHİBƏ

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin SİA-ya müsahibəsi:

- Hikmət müəllim, Sarkisyan rejiminin qeyri-konstruktiv mövqeyi səbəbindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir irəliləyiş olmayıb. Problemin həlli perspektivləri mövcuddurmu?

- Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən də məlumat verildi ki, iyun ayının 19-da ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərləri çərçivəsində Azərbaycana da gələcəklər. Səfər əsnasında Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi və baxışları bir daha Minsk qrupu həmsədrlərinin diqqətinə çatdırılacaq. Təbii ki, münaqişənin həlli ilə bağlı müxtəlif fikirlər və planlar vardır. Xüsusilə, 2016-cı ilin aprel hadisələrindən sonra münaqişənin həlli istiqamətində həmsədrlər tərəfindən bir sıra addımlar atıldı. Amma təəssüflər olsun ki, Ermənistanın yürütdüyü destruktiv siyasətə görə və siyasi, hərbi təxribatları nəticəsində münaqişənin həlli prosesində hər hansı bir irəliləyişin əldə olunması mümkün olmadı. Baxmayaraq ki, "status-kvo"nun dəyişdirilməsi və bu əsnada Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı rayonların ilkin mərhələdə işğaldan azad olunması ilə əlaqədar müxtəlif fikirlər və təkliflər vardı, yenə Ermənistan destruktiv siyasət yürütməkdə davam edir. Həmsədrlərin regiona səfərindən öncə Sarkisyan Ermənistan parlamentində çıxış edərək yenilənmiş "Madrid prinsipləri"ni tamamilə inkar edir. halbuki bu prinsiplər ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən hazırlanıb və rəsmi İrəvanın özü tərəfindən də qəbul edilib. Burada da ilkin müddəa Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı rayonların işğaldan azad edilməsidir ki, bu da növbəti mərhələlərin, addımların atılması üçün bir şərait yaratmalıdır. Rəsmi Bakı hesab edir ki, münaqişənin sülh yolu ilə həlli imkanları mövcuddur və tükənməyib. Bu baxımdan da Azərbaycan Respublikası danışıqlar prosesində iştirak edir. Amma Ermənistanın mövqeyi bütün beynəlxalq ictimaiyyətə aydındır. İşğalçı ölkə hər bir vəchlə mövcud "status-kvo"nu saxlamaq siyasəti yürüdür. Burada da məqsəd Azərbaycan ərazilərinin ilhaqının həyata keçirilməsidir.

- Əksər ekspertlər iddia edirlər ki, münaqişənin həlli Moskvadadır, o isə problemin həllinə maraqlı deyil. Bu barədə nə deyə bilərsiniz?

- Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli istiqamətində səylərini davam etdirirlər. Rusiya Federasiyası da Minsk qrupunun həmsədrlərindən biridir. Biz Rusiyanın münaqişənin həlli istiqamətində atdığı addımları və xüsusilə prezidentlər səviyyəsində Sankt-Peterburqda keçirilmiş görüşü təqdir edirik. Çünki burada münaqişənin həlli ilə əlaqədar digər həmsədr ölkələrlə əlaqələndirilmiş şəkildə bir sıra addımlar atılıb. Amma münaqişənin danışıqlar yolu ilə həlli prosesi bilavasitə Ermənistandan asılıdır. Beləki işğalçı, təcavüzkar tərəf Ermənistandır. İşğalçı ölkə Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalıdır. Bu, beynəlxalq ictimaiyyətin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbidir. Amma bu prosesdə biz həmsədrlərin roluna baxa bilərik. Həm də həmsədrlərin rolundan da, prosesdə oynadığı roldan da Azərbaycanın gözləntiləri var idi. Bu ondan ibarətdir ki, Rusiya, Fransa, ABŞ həmsədr ölkə olaraq və öz nüfuzlarından istifadə edərək Ermənistana lazımi təzyiq göstərməlidirlər. Bu əsnada Azərbaycanın və Azərbaycan xalqının ATƏT-in Minsk qrupunun həmsədrlərindən çox ciddi gözləntisi var idi. Çünki BMT TŞ-nın daimi üzvləri kimi bu dövlətlərin üzərinə böyük məsuliyyət düşür. Belə ki, onlar BMT Nizamnaməsi əsnasında beynəlxalq sülh və təhlükəsizliyə məsul olan tərəfdirlər. Onlar da öz nüfuzlarından istifadə edib Ermənistana belə bir təzyiq göstərərək münaqişənin həllində irəliləyişə nail olmasını təmin etməlidirlər.

- ATƏT-in Minsk Qrupunun iki həmsədr ölkəsində - ABŞ və Fransada yeni hakimiyyət formalaşdı. Sizcə, bu hakimiyyətlərdən münaqişənin həllində prinsipiallıq gözləmək olar?

- Qeyd etmək istərdim ki, münaqişənin həllinin siyasi-hüquqi əsasları bütün beynəlxalq ictimaiyyətə bəllidir. Münaqişənin həllinin əsası hər hansı bir administrasiyanın hakimiyyətdə olmasından asılı olmayaraq beynəlxaql hüququn norma və prinsiplərinə, BMT TŞ-nın məlum qətnamələrinə və ATƏT, digər beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş sənədlərə əsaslanır. Münaqişənin həlli prosesi və atılacaq addımlarla da bağlı Minsk qrupunun həmsədrlərində və beynəlxalq ictimaiyyətdə aydın bir fikir vardır. Yenilənmiş "Madrid prinsipləri" də elə həmsədrlərin özlərinin iştirak ilə hazırlanıb. Ona görə də hər hansı bir administrasiyanın hakimiyyətdə olmasından asılı olmayaraq münaqişənin həlli prosesi bəllidir. Sadəcə, olaraq həmsədrlər öz səylərini bir araya gətirərək üçü birlikdə daha da ardıcıl istiqamətdə öz nüfuzlarını və səylərini ortaya qoymalıdırlar. ABŞ-da yeni administrasiyanın qurulmasından sonra xüsusilə prezident Donald Tramp tərəfindən dövlətimizin başçısı cənab İlham Əliyevə 28 May – Respublika Günü və Neft-Qaz sərgisi ilə bağlı ünvanlanmış məktublarda da bir daha biz ABŞ-Azərbaycan əlaqələrində yeni mərhələnin açılmasının elementlərini görürük. Burada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə də əlaqədar məsələlərə də toxunulmuşdu. Ümid edirik ki, Fransa və ABŞ-da da hakimiyyətə gələn yeni administrasiyalar münaqişənin həlli istiqamətində digər həmsədr ölkə Rusiya ilə də əlaqələndirilmiş şəkildə öz səylərini daha da artıracaqlar.

- Hikmət müəllim, son vaxtlar cəbhədə erməni diversiya qruplarının təxribatları artıb. ATƏT-in Minsk qrupunun həmsədrləri isə yenə də susur. Onların fəaliyyətsizliyi Sarkisyan rejiminin status-kvonun saxlanması siyasəti ilə üst-üstə düşdüyünü söyləmək olarmı?

- Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətində bəzən bizi də qane etməyən və narahatlıq doğuran məsələlər var. Bu təkcə dövlət səviyyəsində deyil, bütün Azərbaycan ictimaiyyətini narahat edən məsələdir. Məsələn, ötən dəfə ATƏT-in Minsk qrupunun həmsədrləri atəşkəs rejiminin pozulması ilə əlaqədar bir bəyanatla çıxış etdilər. Amma biz bu bəyanatın tarixinə baxdıqda görərik ki, o Azərbaycanın Laçın rayonunun işğalı gününə təsadüf edirdi. Burada atəşkəs haqqında danışaraq bir standart xarakterli siptomatik bəyanat verildiyi təqdirdə Azərbaycanın işğal olunmuş Laçın rayonunun taleyinə oradan qaçqın və məcburi köçkün düşmüş azərbaycanlı soydaşlarımızın taleyi ilə bağlı hansısa sözün deyilməməsi Azərbaycanda obyektiv olaraq narahatlıq doğuran bir məsələdir. İkincisi, həmsədrlərin fəaliyyətində bu, bir qeyri-obyektivlik kimi qiymətləndiriləcək məsələdir. Bu baxımdan bizim həmsədrlərdən və danışıqların indiki mərhələsində gözləntimiz ondan ibarətdir ki, artıq 25 ildir beynəlxalq ictimaiyyət tərəfindən verilmiş mandat əsasında Minsk qrupunun həmsədləri münaqişənin həllində məsul bir tərəf kimi çıxış edirlər. Bu beynəlxalq ictimaiyyətin onların üzərinə qoyduğu öhdəlik və verdiyi məsuliyyətdir. Yəni 25 ildən artıq bir dövr ərzində BMT TŞ-nın üç daimi üzvünün münaqişənin həlli ilə məşğul olduğu təqdirdə və bununda həllində hansısa irəliləyişin əldə olunmaması bu dövlətlərin öz nüfuzu nöqteyi-nəzərindən də ehtimadyaradıcı addım deyil. Artıq təcavüzkar dövlətlə təcavüzə məruz qalan dövləti fərqləndirməyin vaxtıdır. BMT TŞ-nın qətnamələrinə istinadən birmənalı və qeyri-şərtsiz olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması kimi bəyanatlar olmalıdır. Yəni işğalçı dövlətin cəzasızlıq sindormuna son qoyulmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə