Şeyxülislam Allahşükür Paşazadə Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Şeyxülislam Allahşükür Paşazadə Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. QMİ-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə təbrikdə deyilir:"Dünya müsəlmanlarının əziz günü olan mübarək Ramazan bayramı münasibəti ilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namaz və dualarınızın qəbul olunmasını diləyirəm. Uca Allaha şükürlər olsun ki, Onun Rizasını qazanmaq üçün bu mübarək ay boyunca ibadətlərimizə əməl edərək, Ramazani-Şərifin builki bayram səadətinə qovuşmağı bizlərə nəsib etdi. Qoy İslam dininə sədaqətini nümayiş etdirmiş müsəlmanlarımıza bu mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun".

Təbrikdə şeyx Ramazanın müqəddəsliyinin Quranın məhz bu ayda nazil olması ilə bağlı olduğunu bildirib. "Ümumbəşəri əhəmiyyətə malik bu bayram insana sonsuz iman sevgisi bəxş edir. Şükürlər olsun ki, xalqımız ildən-ilə Ramazanın mahiyyətindən irəli gələn dəyərlərə daha artıq dərəcədə sahib olur. Allah-Talanın Lütfü və Mərhəməti sayəsində Ramazan bayramını qarşılayan xalqımızın ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəklərindən qaynaqlanır. Bu əziz bayram günündə qədirbilən xalqımız milli-mənəvi dəyərlərimizin inkişafında əvəzsiz xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevin ruhuna rəhmət diləyir. Uca Allahdan möhtərəm dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında millətimizin uğurlarına, dövlətimizin qüdrətinə rəvac verməsini diləyirik. Allaha dualar edirik ki, inşallah, işğal altında olan torpaqlarımızın azad edilməsini, Qarabağda Azərbaycan bayrağının ucaldılmasını bizlərə nəsib etsin. Şəhidlərimizin ruhları şad olsun".

Hacı Allahşükür Paşazadə sonda bir daha Əziz bayram – Eydül-Fitr münasibətilə bütün mömin qardaş və bacılarımı təbrik edib. Uca Yaradandan hər kəsin evinə rifah, ruzi və əmin-amanlıq bəxş etməsini diləyib. "Qoy xalqımızın bütün ülvi arzu və niyyətləri gerçəkləşsin!"

Bütün xəbərlər Facebook səhifəmizdə