Zaqatalada bu il tələbə adını qazanan gənclərlə görüş keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə 232 tələbə ilə yanaşı, Milli Məclisin üzvü Hikmət Atayev, idarə-müəssisə rəhbərləri, rayon ağsaqqalları və ictimaiyyəti də iştirak edib.
Tədbiri Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini Zümrüd Ağakişiyeva açaraq bu ilki məzunların uğurlu nəticələr əldə etdiyini bildirib.
Rayon Təhsil Şöbəsinin müdiri Habil Qurbanov çıxış edərək yeni dərs ilində göstəricilərin daha da yüksək olması üçün əllərindən gələni əsirgəməyəcəklərini deyib: "Nəticələrdən də göründüyü kimi ötən illə müqayisədə 600-dən çox bal toplayanların sayı 8-dən 13-ə yüksəlib. Sevindirici hal odur ki, 600-dən çox bal toplayanlar arasında ucqar kənd məktəblərinin yetirmələri var. Təkcə Mazıx kəndindən 3 məzunumuz 600-dən çox bal toplayıb".
Tədbirdə ən yüksək bal (680) toplayaraq ADTU-ə qəbul olmuş Humanitar Fənlər Gimnaziyasının məzunu Şamil Səfərəliyev tələbələr adından çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə də tələbə adını qazananları təbrik edib.
Millət vəkili Hikmət Atayev tələbə adını qazananları və onların valideynlərini təbrik edərək, gənclərə yaxşı oxumağı və layiqli kadr kimi yetişməyi arzulayıb.
Sonda tələbə adını qazanan gənclərə qiymətli hədiyyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB