AMİP-in namizədləri sentyabrın 11-də təsdiqlənəcək

AMİP-in namizədləri sentyabrın 11-də təsdiqlənəcək

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) parlament seçkilərində iştirak edəcək namizədləri müəyyənləşdirib. SİA-ya açıqlamasında AMİP-in seçki məsələləri üzrə katibi Rəşad Bayramov iddialı namizədlərin hər biri ilə ayrı-ayrılıqda müzakirələr aparıldığını bildirib. Sentyabr ayının 11-də Mərkəzi Şuranın iclasının keçiriləcəyini bildirən R.Bayramov namizədlərin səlahiyyətli orqan tərəfindən təsdiq ediləcəyini söyləyib. AMİP funksioneri partiyanın seçki dairələrin ən azı 60-dan çoxunda iştirak edəcəyini dilə gətirib.

 

Namizədlər siyahısının sentyabrın 11-də, ya da səhəri gün Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini qeyd edən partiyanın seçki məsələləri üzrə katibi digər müxalifət partiyaları ilə də əməkdaşlıq məsələlərinə toxunub. AMİP-in seçkilərə tək gedəcəyi ilə bağlı qərarın olduğunu söyləyən R.Bayramov bununla belə digər məsələlərdə əməkdaşlığın mümkünlüyünü dilə gətirib: "Biz bütün müxalifət partiyaları ilə əməkdaşlığa hazırıq. Bu əməkdaşlıq seçki dairələri çərçivəsində bir-birinin əleyhinə təbliğatın aparılmaması, vahid mövqedən çıxış etməsi və əlaqəli fəaliyyət ola bilər".

 

Seçkilərdə konkret seçki dairələrdə müxalifət partiyaları namizədlərinin dəstəklənməsinə gəlincə, AMİP funksioneri bildirib ki, həmin şəxslər ancaq o halda dəstəklənə bilər ki, onlar təmsil etdiyi partiyanın siyahısı ilə seçkilərə qatılsınlar. O, müxalifət partiyaları liderlərinin dəstəklənməsin də mümkün olmadığını vurğulayıb: "Azərbaycanda iddialı partiya sədrləri və liderlərinin sayı təxminən 50 nəfərdir. Bu qədər namizədin dəstəklənməsi də mümkün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə