Ramazan bayramında süni qiymət artımını kim yaradır? - ARAŞDIRMA
Hər il olduğu kimi bu il də Ramazan ayında ərzaq məhsullarının qiymətlərinin bahalaşması ilə yadda qaldı. SİA-nın araşdırmaları nəticəsində son günlərdə ərzaq və tərəvəz məhsullarının qiymətlərində dəyişiklik olduğu müşahidə edilib. Artmaqda olan ərzaq məhsullarının qiymətləri isə cəmiyyətdə narahatçılığa səbəb olur.
İnsanlar qarşıdan gələn Ramazan bayramı ərəfəsində artan qiymətlərdən narazılıqlarını dilə gətirir, bununla bağlı dövlət qurumları tərəfindən tədbirlərin görülməsini istəyirlər.
Bununla bağlı ilk olaraq ərzaq mağazalarında etdiyimiz araşdırmalar nəticəsində həqiqətən də artan qiymətlərin şahidi olduq:
1. 1 litr qarğıdalı yağı - 2.60 AZN,
2. 1 litr günəbaxan yağı - 2.20 AZN,
3. 200 qramlıq kərə yağı - 2.30 AZN,
4. 1 kq düyü - 3.30 AZN
5. 1 kq un - 1.50 AZN
6 . 1 qutu xurma - 3.20 AZN
Yuxarıda göstərilən ərzaq məhsullarının qiymətləri ilə bağlı mağazalarda apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, satıcılar özlərini süni qimət artımında günahkar bilmirlər. Mağaza müdirləri isə bunun birbaşa ərzaq satan qida şərkətləri ilə əlaqəli olduğunu bildiriblər.
Mağaza müdirlərindən biri Rasimə Qarayevanın sözlərinə görə, ərzaq məhsullarının qiymətindəki artım bəzən heç onları da qane etmir: "Mən son günlərdə məhsulların qiymətindəki artımı inkar etmirəm. Lakin bu məndən və mənim şəxsi istəyimdən asılı deyil. Əgər mənim əməkdaşlıq etdiyim qida şirkətləri qiymətləri qaldırırsa, bu avtomatik olaraq mənim mağazamdaki qiymətlərə də təsir edir".
Başqa bir mağaza satıcısı olan 55 yaşlı Balakişi İsmayılov isə mağazasındaki ərzaqların qiymətindəki artımı Ramazan bayramı ilə, tərəvəzlərin qiymətlərindəki dəyişikliyi isə mövsümlə əlaqələndirib: "Son günlərdə ərzağın da , tərəvəzin də qiymətlərində az da olsa artım var. Amma bu elə də problem olmamalıdır. Çünki artıq Azərbaycanda bayram ərəfəsində ərzaqların qiymətinin bahalaşması ənənə halını alıb. Tərəvəzdə isə bu mövsümlə əlaqəlidir. Hansı meyvənin, tərəvəzin mövsümü bitirsə onun qiyməti getdikcə bahalaşır. Amma təbii ki bunu da biz etmirik. Meyvə tərəvəzin qiyməti toptansatış mağazalarında artırsa biz də artırıq. Əgər artırmasaq satdığımız maldan xeyir götürə bilmərik".
Mağaza satıcıları arasında insanlara haqq verənlər olduğu kimi, onları qınayanlar da olub. Bunlardan biri, 48 yaşlı mağaza satıcısı və müdiri olan Rizvan Qəribov olub. Qəribovun sözlərinə görə, insanlar bu məsələyə yalnız bir mövqedən yanaşırlar: "Müştərilər mağazaya gəlib ərzaqların qiymətlərində 0.20 AZN artım görəndə dərhal təəccüblənir və bizi günahlandırırlar. Ancaq bu düzgün deyil, bu məsələyə bir mövqedən yanaşan insanlar bizi də başa düşməlidirlər. İnsanlar 20 qəpiyi artıq vermək istəmir, mən bunu anlayıram. Amma gərək başa düşsünlər ki mən də bu 20 qəpiyə görə səhərdən axşama qədər günümü bu işdə keçirirəm. Əgər şirkət qiyməti qaldırırsa, mən olduğu kimi saxlayaraq ziyana gedə bilmərəm, məcbur olaraq mən də qaldırmalıyam".
Mağaza səlahiyyətliləri suallarımızı cavablandırdıqdan sonra, insanların bu məsələyə münasibətini dəqiqləşdirmək məqsədilə küçə sorğusu keçirdik.
Sorğu nəticəsində insanların məhsulların qiymətlərindəki artımdan narazı olduqlarının şahidi olduq. Sorğuda iştirak edən 44 yaşlı Zəminə Məmmədova məhsulların qiymətindəki artımın insanları, əsasən də kasıb təbəqəni çətin vəziyyətə saldığını bildirib: "Hər il bayram vaxtı gəlib çatanda qiymətləri qaldırırlar. Hansı ərzaqlar daha çox istifadə olunursa, məhz onların qiymətləri qalxır. Hər aldığım ərzaqda 20-30 qəpik artıq ödəyəndə axırda nəzərə çarpan dərəcədə olur. Hələ mən normal yaşayan adamam, bəs kasıblar nə etsin? Onlar üçün bu vəziyyət daha ağır olur. Belə müqəddəs ayda bu cür davranış düzgün deyil. İnsanlar müsəlmançılığı bir kənara qoyub hər şeydə iqtisadi vəziyyətlərini, ticari balanslarını düşünürlər".
Digər bir iştirakçı isə 35 yaşlı Firuzə Kərimova olub. Maddi vəziyyətinin aşağı olduğunu dilə gətirən qadın bu cür bahalaşmanın ailəsinə təsir etdiyini deyib: "Ramazan ayı bərabərlik ayıdır. Bu ayda varlı təbəqənin 30%-i oruc tutursa, bu göstərici kasıblarda 70 %-i təşkil edir. Ərzaq məhsullarının qiymətindəki dəyişiklik isə sadəcə kasıb və orta təbəqənin uzvlərini narahat edir. Çünki, bayram günü gəlib çatanda varlılar istədiklərini alır, bişirir, süfrələrini bəzəyərək bayramı qeyd edirlər. Şəxsən mən isə bunu edə bilmirəm. Çünki Ramazanda ən çox istifadə edilən ərzaq məhsullarının qiyməti artır və bunu almaqda çətinlik çəkirəm. Ramazan xurmasız təsəvvür edilmir. Amma diqqət etsəniz görərsiniz ki, bayramdan əvvəl 1.60 AZN olan xurma indi 3 AZN-dən aşağı deyil. Artıq belə halların qarşısının alınmasını, bayramqabağı çəkdiyimiz çətinliyin sonlanmasını ümid edirik".
Cəmiyyəti bu dərəcədə narahat edən problemə iqtisadçılar necə yanaşır? Bu problemin qarşısının alınması mümkündürmü? Mövzu ilə bağlı tədbirlər görülürmü?
Yuxarıda qeyd etdiyimiz suallara ilk olaraq iqtisadçı ekspert Aydın Hüseynov SİA-ya verdiyi ekslüziv müsahibədə aydınlıq gətirib. Ekspert bildirib ki, bütün əmtəənin qiymətini bazar tənzimləyir. Qiymətlərin tənzimlənib formalaşmasında 2 əsas prinsip olduğunu irəli sürən A.Hüseynov məhsulların bahalaşmasını bu prinsiplər arasındakı mütənasibliyin pozulması ilə əlaqələndirib: "Qiymətlərin formalaşmasında təklif və tələb prinsipləri var. Satıcı qiyməti təklif edir, alıcı isə malı tələb edir. Bayram ərəfələrində məhsullara tələb artır, bu da birbaşa qiymətlərə təsir edir. Kənd təsərrüfatı məhsuları süfrələrdə olsun deyə alıcı çoxalır. Belə olduqda, qiymətlərin artması təbii prosesdir".
Ekspert bildirib ki, ərzaqların qiymətinin bahalaşması labüd olsa da, bunun da bir insaf həddi var: "Bayram ərəfəsində tələbatla əlaqələndirdiyimiz bahalaşma labüddür. Amma təbii ki, bunun da bir insaf həddi var. Burada süniliyə yol vermək olmaz. Satıcılar belə məqamlarda insaf həddini də güdməlidirlər. Bunun qarşısının alınmasına gəldikdə isə, indi Bakıda və rayonlarda həftənin şənbə-bazar günləri yarmarkalar keçirilir. Həmin yarmarkalar vasitəsilə insanların tələbatı ödənəcək və ümid edirəm ki, bayram gözəl əhval-ruhiyə ilə başa çatacaq".
Mövzu ilə əlaqədar fikirlərini öyrəndiyimiz digər bir iqtisadçı ekspert Vüqar Bayramlı olub. Ekspert bayram vaxtlarında Azərbaycandakı qiymət artımının süni olduğunu və bunun düzgün olmadığını bildirib: "Bayram vaxtlarında bazarlarda və mağazalarda ərzaqların qiymətlərində kəskin artım olur. Bəzi ərzaq məhsullarına tələbat artır və satıcılar məhz həmin məhsulların qiymətlərini qaldırır. Ərzaqlarla yanaşı kənd təsərrüfatı məhsullarının da qiymətləri artır. Bu nə qədər bazarlarda tələbat və mövsümlə əlaqələndirilsə də, əsas məqsəd Ramazan bayramının gəlməsidir. Əgər hər hansı bir bayramla əlaqədar olaraq qiymət artımı baş verirsə bu süni qiymət artımı sayılır. Bu cür artımlar iqtisadi cəhətdən arzuolunan deyil. Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, Ramazan ayı müqəddəs aydır belə bir ayda süni qiymət artımlarından əldə edilən gəlir halal deyil, haram gəlir sayılır".
Qiymət artımlarının Azərbaycan qanunvericiliyinə zidd olduğunu vurğulayan Vüqar Bayramlı, İqtisadi İnkişaf Nazirliyinin (İİN) bunun qarşısını almaq üçün mübarizə apardığını qeyd edib. "Ramazan bayramında qiymətlərin artması qadağandır,çünki belə artımlar süni sayılır və bu qanunvericiliyə ziddir. Azərbaycan qanunvericiliyi bayram vaxtlarında süni qiymət artımlarını birmənalı şəkildə qadağan edir və İqtisadi İnkişaf Nazirliyi bunun qarşısını almaq üçün mübarizə aparır. Bəzi müsəlman ölkələrində belə artımlara qarşı bir sıra inzibati tədbirlər görülür. Azərbaycanda da bunun qarşısının alınması üçün inzibati üsullardan istifadə olunmalıdır. Azərbaycan qanunvericiliyi də İİN-ə səlahiyyət verir ki, bu metodlardan istifadə etsin".
Bəs bütün bunlar dində necə qiymətləndirilir? İslam müqəddəs bayramlarda qiymət artımlarına necə yanaşır?
İçəri Şəhər Cümə məscidinin axundu Surxay Məmmədov islamın bu məsələyə münasibəti haqda məlumat verib: "Ramazan, Qurban və başqa bayramlarda bazarlarımızda qiymətlər kəskin surətdə artır. Malların qiyməti bəzən 3 qatına qədər yüksəlir. Bu isə islamda günah, insanın insana zülmü, zorakılığı sayılır. İslamda müsəlman, qonşusu ac olanda yeməyini onunla paylaşana deyirlər. Bu gün bazarlarda qiymətlər normal olsa varlı da, kasıb da bayramda o ərzaqlardan istifadə edə bilər. Mən belə düşünürəm ki, bu gün bizim əsas islamımız bazarlardan başlamalıdır.Yəni bugün bazardakı hər bir alverçiyə quranın ayəsini başa salmaq lazımdır. Ər-Rəhman surəsində buyurulub ki, "Din nizamda tüğyan etmir", yəni din insanları tərəzidə ölçmür, hamıya eyni baxır. Bu təbliğatlar ilk olaraq bazarlardan başlamalıdır. Azərbaycanda bu təbliğatlar gedir ümid edirəm ki, bir neçə ildən sonra bizim bazarlarımızdakı alverçilərdə insaf hissləri yaranacaq və onlar kasıb təbəqəni də nəzərə alacaqlar. Satıcılar elə bilirlər ki, insanların 1 manat artıq ödəməsi onların qazanclarını artırır. Amma bilmirlər ki, islamda bu üsulla qazanılan 1 manat gələcəkdə onlar üçün çox ağır nəticə verə bilər".
Ümid edirik ki, gələcəkdə bu problem qismən də olsa həll olunar və belə müqəddəs bayramlarda insanlar arasındakı təbəqə fərqi aradan qalxar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB