Nazir: “ABU-nun tələbələrinin köçürüləcəyi özəl ali məktəblərin hamısı artıq müəyyənləşib”

Nazir: “ABU-nun tələbələrinin köçürüləcəyi özəl ali məktəblərin hamısı artıq müəyyənləşib”
"Azərbaycan Beynəlxalq Universitetini (ABU) bu il bitirən, ancaq diplom almayan məzunlarla bağlı nazirlikdə xüsusi İşçi Qrup yaradılıb. İşçi Qrupu həm diplomlarla, həm də təhsil alanların köçürülməsi ilə məşğuldur. Düşünürəm ki, haqqı olanlar öz haqlarına tezliklə nail olacaqlar". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov məlumat verib. O bildirib ki, ABU-nun tələbələrinin köçürüləcəyi özəl ali məktəblərin hamısı artıq müəyyənləşib.

Nazirin sözlərinə görə, ABU-nun bağlanmasının səbəbkarı universitetin özüdür və burada heç kimin günahı yoxdur. M.Mərdanov vurğulayıb ki, köçürülmə zamanı təhsil haqlarının aşağı olması məsələsini də komissiya araşdırıb müəyyən edəcək və müvafiq qərar qəbul edəcək.

"Bir daha deyirəm ki, qanunsuz qəbul olanlara biz cavabdeh deyilik. Artıq on ildir elan edirik ki, ali məktəblərə qəbulun bir yolu var və o da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanların nəticəsidir", - deyə o əlavə edib.

Daha sonra nazir qeyd edib ki, Moskva Dövlət Açıq Universitetinin Bakı Filialının tələbələri isə özəl ali məktəblərə köçürülüb. Onun sözlərinə görə, tələbələr Odlar Yurdu, Təfəkkur, İctimai-Siyasi Kollecinə və digər özəl ali məktəblərin hər birinə paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə