VHP və DİP sədrləri “Demokratiya” blokunun yaradılması ilə bağlı saziş imzaladı

VHP və DİP sədrləri “Demokratiya” blokunun yaradılması ilə bağlı saziş imzaladı

Seçki müddətinə bir neçə gün qalmış daha bir seçki bloku yaradılıb. SİA-nın məlumatına görə, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və Demokratik İslahatlar Partiyası arasında vahid "Demokratiya" blokunun yaradılması ilə bağlı saziş imzalanıb.

 

Azərbaycanda siyasi partiyaların birgə fəaliyyətinə nail olmağın çətin olduğunu deyən DİP sədri, millət vəkili Asim Mollazadə bildirib ki, DİP ilə VHP bir-birini yaxşı tanıdığı, bir sıra məqsədləri, o cümlədən Azərbaycanın gələcəyi ilə bağlı bir sıra məsələlərdə fikirləri üst-üstə düşdüyü üçün blok yaratmaq qərarına gəliblər. Partiyaların rayon təşkilatları arasında da sıx münasibətlərin qurulduğunu söyləyən millət vəkilinin qənaətinə görə, önəmli olan proqramların, məqsədlərin uyğun gəlməsidir. O, hər şeydən əvvəl şəxsiyyətlərin deyil, dəyərlərin ətrafında birləşməyin vacib olduğunu vurğulayıb. Digər partiyalarla da müzakirələrin aparıldığını ifadə edən A.Mollazadə ümidvar olduğunu bildirib ki, müzakirələr müsbət sonuclanacaq və qarşı tərəf yaxın günlərdə öz qərarlarını açıqlayacaqlar.

 

VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı seçki ərəfəsində partiyaların axtarışlarının davam etdiyini dilə gətirib. Mövqelərin müəyyənləşməsi ilə bağlı qərarları partiyaların ən çətin qərarlarından hesab edən VHP sədri qeyd edib ki, bir müddət əvvəl seçkilərə tək gedəcəyini bildirmişdi: "Yaradılan birlik bir çox hallarda seçkiyə kimi ayaqda qalır. Münasibətlər imzatoplama kampaniyasında pozulur, bunları biz yaşamışıq. Belə sürprizlərlə qarşılaşmamaq üçün seçkilərə tək getməyi qərarlaşdırmışdıq. Sonra malik olduğumuz qüvvələri nəzərə alaraq qərara gəldik ki, ən azı bir partiya ilə blok yaradaq. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, seçkilərə blok olaraq gedəndə namizədlərin qeydə alınması zamanı bir çox çətinliklər yaranır. Yaratdığımız birlik bizdən tələb edir ki, namizədlərin qeydə alınması və sənədlərin hazırlanması üçün səylərimizi artıraq".

 

S.Rüstəmxanlı yaradılan seçki bloklarının özlərinin də birləşmə ehtimalının olduğunu bildirib. Eyni zamanda birləşməyə də bir o qədər ehtiyacın olmadığını qeyd edən VHP sədri hesab edir ki, əsas məsələ müxalifət partiyalarının bir-birinə qarşı mübarizə aparmaması, bir-birini dəstəkləməsidir. Hər iki partiyanın ayrı-ayrılıqda 80-ə yaxın namizədinin olduğunu söyləyən S.Rüstəmxanlı bu sayın vahid siyahıdan sonra 100, bəlkə də 120 olacağını qeyd edib.

 

Qeyd edək ki, blokun platforması, şüarı və namizədlərin müəyyənləşməsi üçün İşçi Qrupu yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə