Elman Məmmədov: “Medvedevin sözləri ilə Rusiyanın əməli arasında təzad var” - MÖVQE
"Çalışırıq ki, bütün qonşularla olduğu kimi Rusiya ilə də münasibətlərimiz normal olsun". SİA-ya açıqlamasında Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfərinin nəticələrinə toxunan millət vəkili Elman Məmmədov səfərin iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün əhəmiyyətli olduğunu bildirib: "Bir sıra sənədlər imzalandı, bunu alqışlayırıq. Cənab prezidentimizin apardığı siyasətin tərəfdarlarıyıq və prezidentimizin bu görüşdə söylədiyi fikirlər hamımızı sevindirir. Azərbaycan Rusiyaya hər zaman yaxşı münasibət göstərməyə çalışır. Rusiya qonşu olmaqla yanaşı, həm də böyük və güclü dövlətdir. Çalışırıq ki, bütün qonşularla olduğu kimi Rusiya ilə də münasibətlərimiz normal olsun. Medvedev də bir sıra məsələlərlə, o cümlədən Ermənistanla bağladığı son hərbi müqavilə ilə bağlı fikirlərini səsləndirdi. Gümrüdəki hərbi bazasının Azərbaycan üçün heç bir təhlükə yaratmadığını dedi".
Bütün bunlara baxmayaraq, Rusiya prezidentinin səfərində səslənən açıqlamalara o qədər də inanmadığını deyən millət vəkili fikrini bu cür əsaslandırıb: "Medvedevin fikirləri o qədər səmimi səslənmədi. Azərbaycan və Ermənistan müharibə vəziyyətində olan iki qonşu ölkədir. Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayıb və bir milyon vətəndaşını yurdundan didərgin salıb. Belə olan halda Rusiyanın ən müasir silahlarla silahlanmış ordusunun Ermənistanda yerləşməsi və onun səlahiyyətlərinin artırılması, Rusiya hesabına Ermənistanın silahlandırılması, ordusunun təlim keçməsi Azərbaycana daimi təhlükədir. Medvedevin sözləri ilə Rusiyanın əməli arasında təzad var. Ermənistan-Rusiya arasında bağlanan son müqavilədə göstərilib ki, Gümrüdəki hərbi baza təkcə Rusiyanın deyil, eyni zamanda Ermənistanın milli təhlükəsizliyin təminatçısıdır. Bu nə deməkdir? Təbii ki, Azərbaycan işğal olunmuş ərazilərini azad etmək üçün əməliyyatlara başlayarsa, həmin hərbi baza Ermənistana yardım edəcək. Siyasət çirkin oyundur, amma danışanda elə danışasan ki, qarşı tərəf sadəlöhv hesab edilməsin. Hər qədər ki, Rusiya ordusu Ermənistandadır, Azərbaycan üçün təhlükə var. Bütün bunlara baxmayaraq Rusiya ilə əməkdaşlığımızı davam etdirməliyik. Nəzərə alaq ki, Rusiya Minsk qrupunun həmsədlərindən biridir".
Millət vəkili hesab edir ki, Rusiyadan gözlədikləri Azərbaycanın tərəfin saxlamaq deyil, sadəcə olaraq həmsədr, qonşu, Cənubi Qafqazda marağı olan bir dövlət kimi haqlı mövqeyidir: "Təcavüzə məruz qalan ilə təcavüzkarı bir-birindən fərqli münasibət göstərsin. Düzdür, Rusiya fərqləndirir, amma təcavüzkarın xeyrinə. Biz Rusiyaya səmimi şəkildə əlimizi uzatdığımız ki, qarşı tərəfdən də eyni münasibət gözləyirik. Təkcə söz ilə deyil, həm də əməli fəaliyyəti ilə bizə strateji tərəfdaş olduğunu göstərsin".
Sentyabr ayının 9-da BMT Baş Assambleyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət"lə bağlı keçiriləcək müzakirələrdə Rusiya, eləcədə Minsk qrupunun digər həmsədr ölkələrindən gözlənilən mövqeyə gəlincə, millət vəkili müzakirələrdə Minsk qrupunun həmsədr ölkələrinin, eləcə də digərlərinin ədalətli mövqe nümayiş etdirəcəyinə inanmaq istədiyi vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB