Azərbaycan və Rusiya Prezidentləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu gəzib, Dənizkənarı Milli Parkda olublar
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev xanımları ilə birlikdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu gəzib, Dənizkənarı Milli Parkda olublar.
SİA-nın məlumatına görə, ölkəmizdə rəsmi səfərdə olan Rusiya Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın Bakı ilə tanışlığı Filarmoniya bağından başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva əsaslı yenidənqurmadan sonra ötən il istifadəyə verilən bu bağın tarixi barədə Rusiyanın dövlət başçısına məlumat veriblər. Bildirilib ki, son illər Bakıda park və bağların yenidən qurulması diqqət mərkəzində saxlanılır. Bundan əsas məqsəd insanların mənalı istirahətini təşkil etməkdir.
Daha sonra qonaqlar İçərişəhəri gəzintiyə çıxıblar. Bildirilib ki, Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçərişəhər dünya mədəni irsinin nadir abidələrindəndir. Azərbaycan tarixinin canlı əfsanəsi olan İçərişəhər memarlıq kompleksi dünyada misilsiz abidələrdən biridir. Burada aparılan arxeoloji qazıntılar zamanı milli dövlətçilik tarixinin açılmamış səhifələri öyrənilib, Böyük İpək yolunun üstündə yerləşən qədim Bakının strateji əhəmiyyətini təsdiq edən tarixi faktlar aşkar olunub. Elə buna görə də 1985-ci ildən Dövlət Tarix-Memarlıq Qoruğu elan edilən İçərişəhər 2000-ci ildən YUNESKO-nun Dünya irs siyahısına daxil edilib.
Rusiyanın dövlət başçısı və xanımı İçərişəhərdə milli mətbəximizin nümunəsi olan təndir çörəyinə qonaq olublar.
İçərişəhərin ən mühüm tarixi tikililərindən olan Karvansara da qonaqlarda böyük maraq doğurub. Qeyd olunub ki, qədim Şərq həyatının ən mühüm atributlarından olan karvansara bu gün təyinatı üzrə istifadə olunmasa da, ulu tariximizin bir parçası kimi buraya gələn qonaqlarda maraq doğurur.
Qonaqlar Şirvanşahlar sarayında da olublar. Qeyd edilib ki, Şirvanşahlar saray kompleksi XV əsrin əvvəllərində tikilib. Kompleksə daxil olan abidələr İçərişəhərin ən yüksək yerində yerləşir. Qız qalası da sarayın yaxınlığındadır. Eradan əvvəl VII-VI əsrlərdə əsası qoyulan Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan Qız qalası silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri bir tikilidən ibarətdir. Məscid-mədrəsə və XII əsrə aid bazar da burada yerləşir. Burada o dövrə aid qəbir daşları və totemlər saxlanılır.
Rusiya Prezidenti burada şəkil çəkib. Sonra birlikdə şəkil çəkdirilib. Prezident Dmitri Medvedev və xanımı İçərişəhərdə nümayiş olunan milli sənətkarlıq nümunələrinə də baxıblar. Rusiya dövlətinin başçısının diqqətinə çatdırılıb ki, İçərişəhər ərazisində Azərbaycan alimləri arxeoloji qazıntılar aparıb və Azərbaycan tarixinə dair bir çox qiymətli maddi-mədəniyyət nümunələri aşkar ediblər. İndi Azərbaycan muzeylərinin ən qiymətli eksponatları olan bu tapıntılar tariximizin qədim dövrlərinin öyrənilməsi üçün geniş imkanlar açır.
Qonaqlar üzərində paytaxtımızın rəmzi olan qədim abidələrimizin əks olunduğu suvenirlərə də baxıblar.
Azərbaycan rəssamlarının çəkdiyi əsərlər də qonaqlarda maraq doğurub. Rusiya Prezidenti və xanımı İçərişəhərdə yerləşən qalereyada qədim abidələrimizin əks olunduğu rəsm əsərlərinə tamaşa ediblər.
Qonaqlar çay süfrəsi arxasında İçərişəhərdən bəhs edən filmə baxıblar.
Rusiya Prezidentinə xatirə olaraq hədiyyə təqdim olunub.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Rusiya Prezidenti Dmitri Medvedev və xanımı Svetlana Medvedeva Dənizkənarı Milli Parkda gəzintiyə çıxıblar.
Bildirilib ki, son illər Bakıda aparılan yenidənqurma işləri Dənizkənarı Milli Parkda da geniş vüsət alıb. Paytaxt sakinlərinin və Bakıya gələn qonaqların ən çox üz tutduğu məkanlardan biri olan bulvar son bir neçə ildə görkəmini tanınmaz dərəcədə dəyişib. Yenidənqurma işləri zamanı milli üslubla beynəlxalq təcrübə peşəkarlıqla uzlaşdırılıb. Hazırda öz gözəlliyi ilə diqqəti çəkən Bakı bulvarı Azərbaycan paytaxtına xüsusi yaraşıq verir.
Bununla da Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB