Bu gün Atatürk mərkəzində "Azərbaycanda qeyri-ənənəvi dini təriqətlərin fəaliyyətinin araşdırılması, monitorinqi və bu yöndə ictimai məlumatlandırmanın təşkili" layihəsi çərçivəsində elan olunmuş yazı müsabiqəsinin nəticələri açıqlanıb. SİA-nın məlumatına görə, tədbirdə "Qadın Konsensus Mərkəzi"nin sədri, millət vəkili Aynur Quliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, millət vəkilləri, din sahəsi üzrə ekspertlər, jurnalistlər fikir mübadiləsi aparıblar.
Aynur Quliyeva bildirib ki, hazırda ölkəmizdə bir sıra missioner təşkilatlar rahatlıqla fəaliyyət göstərir və onlar insanları öz tərəflərinə cəlb etməyə çalışırlar: "Ən böyük təhlükə ondadır ki, bu təşkilatlar daha çox uşaqlar və gənclərlə işləməyə meyillidirlər. Məncə bu bizim milli təhlükəsizliyimizə, dövlətçiliyimizə təhdiddir. Düzdur, bu yöndə müvafiq dövlət qurumları fəaliyyət göstərir. Amma biz də media və vətəndaş cəmiyyəti olaraq bu müvzüda araşdırma aparmalıyıq".
A.Quliyeva onu da vurğulayıb ki, bu cür təriqətlərin bəziləri Azərbaycanda erkən nigah, ailədaxili zorakılığı təbliğ edir: "Bəzi dini təriqətlər var ki, onlar umumiyyətlə təhsilin əleyhinədir. İslamdan fərqli olaraq, bu cərayanlar qadın və kişi arasında bərabərlik işarəsinin götürülməsinə çalışır".
Tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nümayəndəsi Nahid Məmmədov, ilahiyatçı Elşad Miri, millət vəkilləri Həvva Məmmədova, Nazim Məmmədov, hüqüqşünas Çingiz Qənizadə, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, Qeyri-hökümət Təşkilatlarına Dövlət Şurasının icraçı direktoru Fərasət Qurbanov və başqaları çıxış edərək bildiriblər ki, zərərli cəmiyyətə ideyalar aşılayan dini təriqətlərin fəaliyyəti ilə bağlı geniş maarifləndirmə işinin aparılmasına ehtiyac var.
Sonda "Qadın Konsensus Mərkəzi" İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan qeyri-ənənəvi dini təriqətlərin fəaliyyətinin araşdırılması, monitorinqi və bu yöndə ictimai məlumatlandırmanın təşkili" layihəsi çərçivəsində jurnalistlər arasında elan elədiyi müsabiqənin qaliblərini də mükafatlandırıb.
Müsabiqə nəticəsində qeyri-ənənəvi dini təriqətlərin fəaliyyəti ilə bağlı ən yaxşı jurnalist yazılarına pul mükafatı və hədiyələr təqdim edilib. 1-ci yerə Pərvin Abbasov ("lent.az" saytı), 2-ci yerə Məlahət Rzayeva ("İrşad" qəzeti), 3-cü yerə isə İsmayil İsmayılov ("mediaforum.az" saytı), Ağa Cəfərli ("Xalq Cəbhəsi" qəzeti), Elçin Bayramlı (SİA), Günel Mövlüd ("kult.az" saytı) layiq görülüb.
Əli Səttaroğlu ("Həftə içi" qəzeti), Mübariz Aslanov ("Azadinform" İA), İntiqam Valehoğlu ("Mərkəz" qəzeti), Qızılgül Abdinovaya ("Üç nöqtə" qəzeti) isə həvəsləndirici mükafatlar təqdim olunub.
Qeyd edək ki, "Azərbaycanda qeyri-ənənəvi dini təriqətlərin fəaliyyətinin araşdırılması, monitorinqi və bu yöndə ictimai məlumatlandırmanın təşkili" layihəsi çərçivəsində müsabiqə ilə yanaşı Bakı və Sumqayıt şəhərində sorğular keçirilib, "dəyirmi masa" təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB