Prezident İlham Əliyev və Dmitri Medvedevin iştirakı ilə mətbuat konfransı keçirilib - YENİLƏNİB
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedev keçirdikləri mətbuat konfransında jurnalistlərin suallarına cavab veriblər.
- Bu gün imzalanan əlavə sazişə görə, "Qazprom"un gələn il alacağı Azərbaycan qazının həcmi artırılmışdır. Eyni zamanda, məhz Azərbaycan qazı "Nabukko" boru kəmərinin başlıca doldurucusu kimi nəzərdən keçirilir. "Nabukko" isə "Cənub axını"nın bilavasitə rəqibidir. Bu iki məqam bir-biri üçün ziddiyyət təşkil etmirmi? Bir tərəfdən qaz sahəsində Rusiya-Azərbaycan münasibətləri möhkəmlənir, digər tərəfdən isə Azərbaycan rəqib layihədə iştirakdan imtina etmir. Ümumiyyətlə, qaz bütün layihələrə kifayət edəcəkmi? Sualım hər iki prezidentədir.
İkincisi, bu gün biz Azərbaycan Prezidenti ilə söhbət zamanı deyirdik ki, biz regionda sanballı oyunçularıq və maraqlarımız çox halda üst-üstə düşür. Çünki ölkələrimiz enerji ehtiyatlarının istehsalçıları və ixracçılarıdır. Buna görə də biz bir tərəfdən razılığa gəlməliyik, digər tərəfdən isə kooperativləşməliyik. Həmkarlarımızın imzaladığı qaz ticarətinin genişləndirilməsi haqqında müvafiq sənədlər bunu nümayiş etdirdi.
Üçüncüsü, ən müxtəlif layihələr mövcuddur. Burada Rusiyanın mövqeyi həmişə elə olmuşdur ki, biz hər hansı layihələrə mane ola bilmərik və olmamalıyıq, bu, tamamilə qeyri-təbii işdir. Mənə elə gəlir ki, biz sadəcə əməkdaşlığın ən maraqlı sahələrini ayırmalı, birgə layihələrin cəlbediciliyini nümayiş etdirməliyik. Gələcək layihələrə gəldikdə isə, necə deyərlər, qoy mənfəət gətirən, tərəfdaşlarımız üçün maraqlı layihələr qalib gəlsin. Heç kim heç kimi heç nəyə vadar etmir. Eyni zamanda, bu, iqtisadi cəhətdən səmərəli layihələr olmalıdır. Gələcək üçün enerji sahəsində münasibətlər qurarkən mən buna əsaslanardım.
Prezident İlham Əliyev: - Mən də öz növbəmdə demək istəyirəm ki, Azərbaycan artıq 2007-ci ildən öz qazını beynəlxalq bazarlara çıxarır və Azərbaycanda hasil edilən qazın həcmi ilbəil artır. Ehtiyatlarımız yetərincə çoxdur. Azərbaycanda yalnız təsdiq edilmiş qaz ehtiyatı 2 trilyon kubmetrdən çoxdur. Potensialı isə biz real şəkildə təxminən 5 trilyon kubmetr həcmində qiymətləndiririk.
Buna görə də qaz bizə bir çox onilliklər kifayət edəcəkdir. Qaz sahəsində əməkdaşlığımız açıq və səmimi xarakter daşıyır. Biz bu sahəyə dostlarımız və tərəfdaşlarımızla münasibətlərimizi möhkəmləndirmək imkanı kimi baxırıq. Rusiya ilə bu sahədə əməkdaşlığımıza gəldikdə isə, bildiyiniz kimi, bu əməkdaşlıq nisbətən yaxınlarda başlanmışdır. Birinci sənədlər yalnız ötən il imzalanmışdır, lakin artıq qısa vaxt kəsiyində biz bu gün imzaladığımız müqavilə ilə Azərbaycan qazının Rusiyaya ixracının həcmini mahiyyətcə 4 dəfə artırırıq. Bu, böyük gələcəyi olan qarşılıqlı surətdə faydalı layihədir. Layihənin əhəmiyyətli üstünlüklərindən biri də budur ki, Azərbaycan ilə Rusiya arasında tranzit ölkə yoxdur. Biz qonşuyuq və bizi hazırda genişlənən qaz kəməri sistemi birləşdirir. Bizim tərəfimizdən Azərbaycan qazının Rusiyaya nəqli imkanlarının genişləndirilməsinə sərmayələr qoyulur.
Xatırlatdığınız başqa layihələrə və rəqabətə gəldikdə isə, biz qaz sahəsində fəaliyyətimizi hansısa əsaslandırılmamış rəqabət imkanı kimi nəzərdən keçirməmişik. Bu halda biz siyasi motivlərə deyil, yalnız iqtisadi və praktik motivlərə əsaslanırıq. Bu gün Rusiya və Azərbaycan şirkətləri arasında qaz sahəsində mövcud olan şərtlər bizi razı salır və mən ümid edirəm ki, Rusiya tərəfini də qane edir. Buna görə də əgər bütün maraqlı tərəflər buna məhz iqtisadi məqsədyönlülük nöqteyi-nəzərindən baxsalar və bu layihələrin süni şəkildə siyasiləşdirilməsi minimum səviyyəyə endirilsə, əminəm ki, bütün maraqlı tərəflərin mənafeləri nəzərə alınacaqdır. Bir daha demək istəyirəm ki, biz Rusiya ilə energetika sahəsində ikitərəfli əməkdaşlığımızı uzunmüddətli və strateji əməkdaşlıq kimi nəzərdən keçiririk və bu, təkcə qaz sahəsini əhatə etmir. Bu, həm neft, həm elektroenergetika sahələrinə də aiddir. Gələcəkdə qarşılıqlı razılığa gəlsək, biz bütün energetika komponentləri üzrə Rusiyaya təbii ehtiyatların ixracını artırmaq niyyətindəyik.
- Sualım hörmətli Rusiya Prezidentinədir. Azərbaycan ictimaiyyəti Sizin Ermənistana bu yaxınlardakı səfərinizə və orada Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı müqaviləyə dəyişikliklər haqqında imzalanmış protokola böyük maraq göstərir. Bu da aydın məsələdir. Siz bunu necə şərh edərdiniz?
Prezident Dmitri Medvedev: - Çox sağ olun. Təbii ki, mən səfərimin yekunlarını şərh edəcəyəm. Gizlətməyəcəyəm, biz Azərbaycan Prezidenti İlham Heydər oğlu ilə bu mövzunu müzakirə etmişik. Şübhəsiz ki, Rusiya üçün burada, Qafqazda sabitliyin qorunub saxlanması çox vacibdir. Rusiya Qafqaz ölkəsi, Xəzəryanı ölkədir. Biz ən yaxın qonşumuz və dostumuz Azərbaycan ilə münasibətlər quranda məhz buna əsaslanırıq.
Buna görə burada sülh və asayiş olması hamımızın marağına uyğundur. Mənim Ermənistana səfərim zamanı qəbul edilmiş qərara, yəni Ermənistanda Rusiyanın hərbi bazasının olması haqqında müvafiq sazişin qüvvədə olması müddətinin artırılması məsələsinə də məhz bu mövqedən baxmaq lazımdır. Burada hər hansı gizli və ya başqa mülahizələr yoxdur. Həmin baza sülhü və asayişi təmin etməyə, sabitliyi qoruyub saxlamağa, bu gün mövcud olan bütün mürəkkəbliklərin azalmasına xidmət edir və bağlanmış saziş çərçivəsində imkanlarımızı və səlahiyyətlərimizi həyata keçirərkən biz məhz bu mövqedən çıxış edəcəyik. Sazişdə heç bir prinsipial yenilik yoxdur, onun yalnız bir mənası var: həmin bazanın orada olacağı illərin sayı müəyyən qədər artırılır. Mən əminəm ki, biz mümkün olan bütün imkanları burada, Qafqazda, Cənubi Qafqazda ümumi vəziyyətin sağlamlaşdırılmasına yönəldəcəyik. Mən öz tabeliyimdə olanlara – həmin bazanın təminatı məsələləri ilə məşğul olan müvafiq nazirliklərin, idarələrin rəhbərlərinə də məhz bu cür təlimatlar verəcəyəm.
Biz Azərbaycan Prezidenti ilə bu barədə kifayət qədər ətaflı danışmışıq. Biz gələcəkdə də burada, bizim regionda təhlükəsizliyin təmin edilməsinə aid bütün məsələlər barədə fəaliyyətimizi, fikir mübadiləsini sıx əlaqələndirəcəyik.
- Sualım cənab Əliyevədir. Siz dediniz ki, Xəzəryanı problemlər həmişə Sizin diqqət mərkəzinizdədir. Xahiş edirəm deyin, Xəzəryanı dövlətlərin
Prezident İlham Əliyev: - Biz həmin məsələni bu gün Dmitri Anatolyeviçlə müzakirə etmişik, sammitin Bakıda keçirilməsinə heç bir maneə yoxdur. Xəzər dənizinin delimitasiyası ilə əlaqədar məsələnin tənzimlənməsi barədə mövqelərimiz üst-üstə düşür. Bildiyiniz kimi, bizim milli sektorların ölkələrimiz arasında bölünməsi barədə müvafiq saziş imzalanmışdır. Hesab edirik ki, bu, çox yaxşı formatdır və Xəzər dənizinin statusu ilə bağlı məsələnin hərtərəfli tənzimlənməsinə nail olmaq üçün möhkəm zəmin ola bilər.
Bu gün biz sammitin keçirilməsinin təxmini vaxtını da müzakirə etmişik və tərəfdaşlarımızla, Xəzəryanı bölgədəki qonşularımızla müvafiq məsləhətləşmələrdən sonra həmin vaxtı konkret müəyyən edəcəyik. Mənim bildiyimə görə, bizim başa düşdüyümüz mənada məqsəd həmin sammitin keçirilməsini 2011-ci ilə təxirə salmamaqdan, onu ən yaxın aylarda, 2010-cu ildə Bakıda keçirməkdən ibarətdir.
- Mənim sualım hər iki prezidentədir. Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün çox böyük əngəl yaradır. Siz bu məsələnin tənzimlənməsinin perspektivlərini necə təsəvvür edirsiniz?
Prezident İlham Əliyev: - Bizim fikrimizcə, bu məsələ ən tez bir vaxtda tənzimlənməlidir. Çünki danışıqlar prosesi artıq neçə illərdir ki, davam edir. 1992-ci ildə bu məsələ ilə məşğul olan
Beynəlxalq təşkilatların qətnamələri mövcuddur. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Həmin sənədlərdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması haqqında tələblər irəli sürülür. ATƏT-in Lissabon sammitinin qərarları, digər beynəlxalq təşkilatların qətnamələri mövcuddur.
Münaqişə həmin qərarlar və qətnamələr əsasında, beynəlxalq hüququn normaları və prinsipləri əsasında tənzimlənməlidir. Bu, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada imzalanmış Birgə Bəyannaməsində də əks olunmuşdur.
Ərazi bütövlüyü prinsipinin xalqların öz müqəddəratını təyin etmək hüququ ilə əlaqələndirilməsi məsələsi, bizim fikrimizcə, həll edilə bilməyən məsələ deyildir. Xalqın təyini-müqəddərat hüququ ölkələrin ərazi bütövlüyünün pozulmasını nəzərdə tutmamalıdır və ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həyata keçirilə bilər. Buna görə də biz hesab edirik ki, məsələnin məhz beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təşkilatların qətnamələri əsasında həllini tapmaq lazımdır. Azərbaycan torpaqlarının işğal edilməsinə son qoymaq, yüz minlərlə məcburi köçkünün öz əzəli torpaqlarına qayıtmasına və sülh şəraitində yaşamasına imkan yaratmaq lazımdır.
Ümid edirəm ki, erməni tərəfi konstruktiv yanaşma nümayiş etdirəcək və biz münaqişəni mənim dediyim prinsiplər əsasında tənzimləmək yolunu tapa biləcəyik.
Mən sizin sualınızdan istifadə edərək, Rusiya Prezidentinə bu prosesdə fəal iştirakına görə təşəkkür etmək istərdim. Dmitri Anatolyeviçin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında altı görüş keçirilmişdir. Bu fakt özlüyündə misilsiz xarakter daşıyır. Həmsədr ölkələrin liderləri tarixdə hələ heç vaxt bu cür fəallıq və ən başlıcası, effektivlik nümayiş etdirməmişlər.
Prezident Dmitri Medvedev: Mən demək istəyirəm ki, həqiqətən, son illər Azərbaycan və Ermənistan prezidentləri arasında Rusiya Prezidentinin iştirakı ilə görüşlərin sayı hədsiz çox olmuşdur.
Bu yaxınlarda mən həmin mövzuda danışmışam. Mən demişəm ki, son vaxtlar görülən işlərə görə xəcalət çəkmirəm. Bu, dərin, düşünülmüş müzakirələrdir və biz belə prosesdə yetərincə çətinliklər olduğunu anlayırıq. İstənilən halda, bu səylər müəyyən nəticələr verir. Danışıqlar davam edir və düşünürəm ki, əlaqlərin intensivliyi azalmamalıdır. Rusiya Minsk qrupu çərçivəsində vəzifələrini, həm də bu mövzuda ünsiyyəti davam etdirən qonşu ölkə kimi mənəvi vəzifələrini yerinə yetirməyə hazırdır. Şəxsən mən gündəlikdə qalan ən mürəkkəb məsələləri müzakirə etməyə hazıram. Ümidvaram ki, ölkələrimizin xarici siyasət idarələrinin iştirakı və şəxsən bizim iştirakımızla bu cür məsləhətləşmələr davam etdiriləcəkdir.
Mən xoş sözlərə görə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə minnətdaram.
Rusiya öz vəzifələrini hökmən yerinə yetirəcək və zəruri nəticənin əldə edilməsinə hərtərəfli kömək göstərəcəkdir. Nəticə isə çox lazımdır. Bu nəticə regiona möhkəm sülh və təhlükəsizlik gətirməyə qadirdir. Heç şübhəsiz ki, Rusiya Federasiyası da bunda maraqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB