İlham Əliyev və Dmitri Medvedevin iştirakı ilə mətbuat konfransı keçirilib

İlham Əliyev və Dmitri Medvedevin iştirakı ilə mətbuat konfransı keçirilib

"Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair təmas intensivliyini aşağı salmamalıdır". SİA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, Dmitri Medvedyev bu fikirləri Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra keçirilən mətbuat konfransında söyləyib. O son dövrlər Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında görüşlərin mütəmadi xarakter aldığını vurğulayıb: "Bu təmasların intensivliyi aşağı düşməməlidir. Rusiya Minsk Qrupu çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə hazırdır. Biz həmçinin qonşu dövlət kimi mənəvi öhdəliklərimizi də yerinə yetirməyə hazırıq. Mən bu cür əlaqələri davam etdirməyə və gündəlikdə qalan ən mürəkkəb məsələləri müzakirə etməyə hazıram".

 

Azərbaycan prezidenti İlham Əliyev vasitəçilik missiyasına görə rusiyalı həmkarına təşəkkür edib: "Əminəm ki, Rusiya prezidentinin iştirakı pozitiv rol oynayır və onun iştirakı ilə keçirilən daha effektli olur".

 

Rusiya prezidenti Dmitri Medvedyev ötən ay Rusiyanı bürümüş meşə yanğınlarının söndürülməsində azərbaycanlı həmkarlarının ağır gündə Rusiyaya kömək əli uzatdığını xatırladıb və buna görə prezident İlham Əliyevə təşəkkür edib: "Bu çox vacibdir. Bədbəxtlik gözlənilmədən gəlir və nəticələr də uzunmüddətli xarakter daşıyır. Bir daha göstərdiyiniz köməyə görə Sizə təşəkkürümü bildirirəm".

 

Dmitri Medvedyev bir müddət əvvəl Rusiyanın daha iki vilayətindən yanğınlar baş verdiyini, bu təbii fəlakətin qarşısının mütləq alınacağını bildirib.

 

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev Rusiya ilə sərhəddə Azərbaycan gömrükçüləri tərəfindən qaçaqmalçılardan müsadirə olunmuş 5 pravoslav ikonasını rusiyalı həmkarı Dmitri Medvedevə təqdim edib. İ. Əliyev qaçaqmalçıların bu ikonaları qeyri-qanuni olaraq Rusiyadan çıxarmağa çalışdıqlarını deyib: "Bizim gömrükçülərimiz bu ikonaları aşkarlayıb. Qaçaqmalçılar məsuliyyətə cəlb olunub. Biz bu ikonaları ona görə sizə təqdim edirik ki, bunlar sizin ölkənizdə saxlanılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə