Gələn il Azərbaycan parlamentinin nümayəndə heyətinin Hindistana səfəri nəzərdə tutulur

Gələn il Azərbaycan parlamentinin nümayəndə heyətinin Hindistana səfəri nəzərdə tutulur
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Baş katibi Ramil Həsənov TürkPA Katibliyinin Ofisində Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Debnat Şou ilə görüşüb. TürkPA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonağı salamlayan R.Həsənov, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament rəhbərlərinin 21 noyabr 2008-ci il tarixində "İstanbul Sazişi"ni imzalaması ilə təsis olunan TürkPA-nın fəaliyyət mexanizmi və əsas məqsədləri haqqında geniş məlumat verib. TürkPA Beynəlxalq Katibliyinın Azərbaycan Respublikasındakı 57-ci diplomatik missiya olaraq fəaliyyətə başladığı və türkdilli ölkələrin siyasi, sosial-iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrinin inkişaf etdirilməsinə xidmət etdiyi vurğulanıb. TürkPA Avropa və Asiyada mövcud olan beynəlxalq təşkilatlar kimi regionda və beynəlxalq münasibətlər sistemində sülhün, təhlükəsizliyin və dostluğun möhkəmləndirilməsi üçün parlament diplomatiyasından istifadə etməkdədir. Belə bir beynəlxalq parlament təşkilatının yaranması region və həmçinin Avropa ölkələri üçün siyasi, iqtisadi cəhətdən çox böyük əhəmiyyət kəsb etdiyini və parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsində, din, dil, irqə fərg qoymayan, beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərən bir tolerant təşkilat olduğu qonağın nəzərinə çatdırılıb. TürkPA-nın hər hansı bir üçüncü ölkə və ya beynəlxalq təşkilata qarşı yaranmaması və fəaliyyət göstərməməsi qonağın nəzərinə çatdırılıb.

Həmçinin 24 may 2010-cu il tarixində Assambleyanın "Parlament Diplomatiyası-TürkPA" adlı ilk beynəlxalq konfransının keçirildiyi haqda səfirə məlumat verilib. .

Daha sonra beynəlxalq əməkdaşlıq çərçivəsində ATƏT PA, AŞPA, NATO PA, Avropa Parlamenti, Avropa Parlamentinin İnkişaf Ofisi, Cənubi Avropa Ölkələrinin Parlament Assambleyası, MDB PA, İKT PA, Beynəlxalq Parlamentlər Birliyi, Beynəlxalq Parlamentlərin Baş Katiblərinin Assosiyasiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (QDİƏT PA), Asiya Təhlükəsizlik və Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması, qarşılıqlı fəaliyyət, müşahidəçi statusunun alınması ilə bağlı fəaliyyətləri haqqında cənab D. Şounun diqqətinə çatdırılıb. TürkPA-nın sentyabr ayında Türkiyə Respublikasında keçiriləcək refendumda, oktyabr ayında Qırğızıstan Respublikasında keçiriləcək parlament seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak etmək istəyi və bununla bağlı danışıqların aparılması haqqında da məlumat verilibEyni zamanda R. Həsənov Hindistanın Azərbaycandakı səfirliyi ilə bir çox istiqamətlərdə əməkdaşlığın müsbət şəkildə inkişaf etdirilməsində , genişlənməsində və davam etdirilməsində maraqlı olduğunu qeyd edib.

D.Şou TürkPA Baş katibinə geniş və ətraflı məlumat verdiyi üçün təşəkkür edib, Assambleyanın yaranması, TürkPA Katibliyin fəaliyyətinə onəm verdiyini və dəstəklədiyini söyləyib. Hindistanda mövcud olan parlament ənənələlərinin 60 ildən çox davam etdiyini söyləyən D.Şou ölkəsinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə ilə əlaqələrinin inkişafından məmnun olduğunu, gələn il Azərbaycan parlamentinin nümayəndə heyətinin Hindistana səfərinin nəzərdə tutulduğunu qeyd edib.

Hindistanın Azərbaycandakı səfirliyi və TürkPA Beynəlxalq Katibliyi ilə əlaqələrin inkişaf edəcəyini bildirən səfir, Assambleyanın Beynəlxalq Katibliyinə gələcək işlərində uğurlar diləyib və qurumun bir çox tədbirlərində məmnuniyyətlə iştirak edəcəyini qeyd edib.

Görüşün sonunda TürkPA adından Debnat Şouya Assambleyanın müvafiq sənədlər toplusu və xatirə hədiyəsi təqdim olunub. Sonda səfir öz ürək sözlərini xatirə dəftərinə yazıb. Görüşdə TürkPA Baş katibinin müavini, Qazaxıstan Respublikasının TürkPA-dakı nümayəndəsi Mels Semqaliyev iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə