Rusiya prezidenti Bakıda Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev sentyabrın 2-də Şəhidlər xiyabanını ziyarət edib. SİA-nın məlumatına görə, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və nümayəndə heyətinin üzvləri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Azərbaycan övladlarının məzarlarını ziyarət etdilər.

Rusiyanın dövlət başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Rusiyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Prezident Dmitri Medvedev Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr edib.

Bütün xəbərlər Facebook səhifəmizdə