“Qlobal maliyyə böhranının Azərbaycanda əmək bazarına təsirinin qiymətləndirilməsi” mövzusunda tədqiqatın nəticələri açıqlanıb
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) "Counterpart İnterantional" tərəfindən icra edilən, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Vətəndaş cəmiyyətinin gücləndirilməsi layihəsi"nin və Milli Büdcə Qrupunun təşkilati dəstəyi ilə "Dövlət büdcə xərcləmələrinin makroiqtisadi tarazlıq perspektivindən sosial sahəyə təsirinin qiymətləndirilməsi" layihəsi çərçivəsində "Qlobal maliyyə böhranının Azərbaycanda əmək bazarına təsirinin qiymətləndirilməsi" mövzusunda araşdırma apararaq tədqiqat hesabatı hazırlayıb. SİA-nın məlumatına görə, hesabatda Azərbaycanda qlobal maliyyə böhranı dövründə hökumətin məşğulluq siyasəti təhlil olunub, mümkün ssenarilər və perspektivlər göstərilib, habelə yeni modellər və ekonometrik üsullarla bu siyasətin gücləndirilməsi istiqamətində təkliflər hazırlanıb. Bu gün Mərkəz hesabatın yekun variantının təqdimatını dəyirmi masa müzakirəsi vasitəsilə həyata keçirib.
Tədbirdə ilk olaraq İTM İdarə Heyətinin üzvü Qalib Toğrul çıxış edərək dünya böhranının məşğulluq sahəsində daha böyük fəsadlar doğurduğunu bildirib. Onun sözlərinə görə, buna görə də İTM böhranın Azərbaycanın əmək bazarına təsirlərini araşdırmaq qərarına gəlib.
Tədqiqatı iştirakçılara İTM-in eksperti Səbinə Abdullayeva təqdim edib. İlk öncə o, böhranın Azərbaycan iqtisadiyyatına təsirlərindən danışaraq, xüsusilə Ümumi Daxili Məhsulun (ÜDM), əhalinin gəlirlərinin, ölkə üzrə orta aylıq əmək haqqının artım tempindəki, həmçinin ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmindəki azalmanı qeyd edib. Bildirib ki, böhran milli iqtisadiyyatın neft gəlirlərindən asılılıq səviyyəsini artırıb: "Ümumi Daxili Məhsul artımının davam etməsi, işsizliklə bağlı göstəricilərdə mənfi dəyişikliklərin digər ölkələrə nisbətən az olması böhranın Azərbaycan iqtisadiyyatına daha zəif təsir etdiyinin göstəricisi sayıla bilər. Tədqiqat zamanı işsizliklə bağlı rəsmi göstəricilər analiz edilib. Böhran dövründə iqtisadiyyat daha çox iş yerləri itirib. Belə ki, əgər rəsmi statistik məlumatlarda 2008-ci ildə bağlanan iş yerlərinin sayı 3037 idisə, 2009-cu ildə bu rəqəm 3 dəfəyədək artaraq 8747-ə çatıb, eləcə də 2008-ci ildə açılan daimi iş yerlərinin sayı 89 557 idisə, 2009-cu ildə müvafiq göstərici 35 min nəfərdən çox azalaraq 54515 nəfər təşkil edib. Bununla yanaşı, böhran dövründə məşğulluq xidmətlərinə müraciət edərək işlə təmin olunanların sayında da aşağı düşmə qeydə alınıb. 2008-ci ildə bu xidmətdən yararlananların sayı 31144-dən 28 342-ə qədər azalıb".
AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı Cəlil Quliyev yoxsulluğun qarşısının alınmasının ən səmərəli üsulu kimi yeni iş yerlərinin yaradılmasının hər bir ölkə üçün prioritet təşkil etdiyini və Azərbaycan üçün də məşğulluğun təmin olunmasının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Hələ sovet dönəmində bu məsələyə böyük diiqət verildiyini və bu məqsədlə müxtəlif qabaqlayıcı tədbirlərin görüldüyünü vurğulayıb: "Rəsmi statistika işsizlik faizlərini düzgün əks etdirmir. Reallıqda işsizlik faizi çox yüksəkdir. Apardığımız tədqiqatlar bu amilin ölkədə cinayətkarlığın artmasına gətirib çıxardığını təsdiq edir. Xüsusilə də gənclər arasında bu faiz çox yüksəkdir. Məşğulluq səviyyəsinin aşağı düşməsi həm də gənclərin müvafiq peşələrlə əhatə olunmaması ilə əlaqədardır. Peşə təhsili alanlar gənclərin 23 faizini təşkil edir. Azərbaycanda məşğulluq bazarının 63 faizini fəhlələr təşkil edir. İldə yüz min nəfər təhsil müəssisələrini bitirir. Onların böyük əksəriyyəti işsizlərin sıralarına qoşulurlar. Gənclər peşə almaq imkanına da malik deyillər və yaxud da peşələrin böyük əksəriyyəti onların marağını əks etdirmir. Bizdə insanları daha çox işlətmək geniş yayılıb. Xüsusilə də ticarət sahəsində. Orada insanlar gündə 14 saata qədər işləyirlər. Mənə elə gəlir ki, təkcə növbəlilik tətbiq etməklə, ölkədə ən azı 300 min əlavə iş yeri açmaq mümkündür".
Baş Məşğulluq İdarəsinin nümayəndəsi Nizami Məmmədov "Məşğulluq haqqında" qanunun qəbul olunduğunu və bu sahədə müəyyən irəliləyişlərin olduğunu söyləyib. O, işsiz statusunun verilməsi qaydaları ilə bağlı bir çox məsələlərə aydınlıq gətirib.
Tədbir müzakirələrlə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB