Elçin Mirzəbəyli: “Hər şey aparılacaq müzakirələrdən və Rusiyanın öz mesajlarında nə qədər səmimi olmasından asılıdır” - MÜNASİBƏT
"Hər şey aparılacaq müzakirələrdən və Rusiyanın öz mesajlarında nə qədər səmimi olmasından asılıdır". SİA-ya açıqlamasında bu sözləri politoloq Elçin Mirzəbəyli Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfərindən gözləntilərə münasibət bildirərkən deyib: "Ümumi fikirlər var və sadəcə olaraq Rusiya xarici işlər nazirinin səsləndirdiyi fikirlərlə tanışıq. Deyilənə görə, səfər çərçivəsində sərhədlərlə bağlı müqavilə imzalanacaq. Prinsipial bir fikir səsləndirilməyib. Çox güman ki, müzakirələrin əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli dayanacaq. Rusiyanın Ermənistanla bağladığı son müqavilədən sonra Dmitri Medvedevin Azərbaycanda verəcəyi bəyanatlar çox önəm daşıyır. Nəticənin nədən ibarət olacağını söyləmək çox çətindir".
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Xəzər dənizinin hüquqi statusu ilə bağlı açıqlamasının da diqqət çəkdiyini deyən E.Mirzəbəyli hesab edir ki, bu məsələ də müzakirə oluna bilər: "Lavrov bəyan edib ki, Xəzərin statusu ilə bağlı Rusiya və Azərbaycan arasında heç bir problem yoxdur, ancaq su hövzəsi və hava məkanı bölüşdürülməlidir. Bu məsələ ilə bağlı müzakirələr də hesab edirəm ki, prinsipial əhəmiyyət daşıyır".
Politoloq "Medvedev Ermənistanla bağladığı hərbi müqavilədən sonra Azərbaycanın könlünü almaq istəyir" deyənlərlə də razılaşmadığını bildirib: "Azərbaycanın könlünü almağa yönəlik bir səfərin olduğunu düşünmürəm. Azərbaycanın könlünü almağa ehtiyac yoxdur. Müstəqil siyasət yürüdən dövlətik. Öz qonşularımızın, eyni zamanda postsovet məkanındakı dövlətlərin hansı siyasət yürütdüyü də göz qabağındadır. Bu baxımdan hesab edirəm ki, könül alınacaq bir səviyyədə olan dövlət deyilik. Ancaq ikitərəfli münasibətlərdə perspektivli addımların atılması üçün bu səfərin əhəmiyyəti böyükdür".
Ermənistan prezidenti Serj Sarkisyanın Xankəndinə səfərində səsləndirdiyi açıqlamalara da münasibətini bildirən politoloq bildirib ki, işğalçı ölkənin rəhbəri təkcə Rusiya ilə bağlı hərbi müqavilələrə söykənərək deyil, həm də ATƏT-in həmsədr ölkələrinin adından çıxış edib: "Ola bilsin ki, həmin üç dövlət Sarkisyana adlarından danışmağa icazə verib. Çox qeyri-ciddi bəyanatlardır. Eyni zamanda ənənəvi qaydada olan xatırlatmalar kimi də dəyərləndirilə bilər. Rusiya prezidentinin səfəri öncəsi mesaj kimi də qiymətləndirmək olar. Ancaq bu bəyanatlar Rusiyanın mövqeyinə təsir edəcək gücdə deyil. Ermənistan faktiki olaraq bütünlüklə Rusiyanın nəzarəti altındadır, bütün dövlət resusları Rusiyanın əlindədir. Fikrimcə, bu bəyanatların cavabı da veriləcək".
Sentyabrın 20-22-də BMT Baş Assambleyasının 65-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət"lə bağlı qətnamə layihəsinin müzakirəsinə gəlincə, E.Mirzəbəyli Azərbaycanı dəstəkləyən ölkələrin sayında artım olacağını istisna etmədiyini bildirib: "Ola bilsin ki, ATƏT-in Minsk qrupunun həmsədrləri istisna olmaqla digər dövlətlərin mövqelərində müsbət istiqamətdə dəyişiklilər olsun. Həmin vaxt bəzi, xüsusilə İslam Konfransı Təşkilatına üzv olan ölkələr bir neçəsi məsələdən məlumatsız olduqlarını bəyan etmişdilər. Hesab edirəm ki, indi məlumatsız olmaq bəhanəsi ortada olmayacaq. Ancaq Minsk qrupu həmsədrlərindən fərqli mövqe gözləmirəm. Ən yaxşı halda bitərəf qalacaqlar".
Türkiyənin BMT Təhlükəsizlik Şurasında sədrliyə başlamasına da münasibət bildirən E.Mirzəbəylinin fikrincə, bu fakt böyük hədəflərə çatmaq üçün mühüm əhəmiyyət kəsb etmir: "Türkiyə Şuranın daimi üzvləri kimi qəbul olunan qərarlara veto qoymaq hüququna malik deyil. Təbii ki, bu sədrlik müddətində müəyyən məsələləri, o cümlədən Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı məsələ gündəmə gətirilə bilər. Ancaq bu sadəcə olaraq təbliğat, Türkiyənin özünün nüfuzu baxımından əhəmiyyətə malikdir. Sədrlikdən həm Türkiyənin özü, həm də Azərbaycan üçün böyük önəm daşıyacağını vurğulamaq ən azından sadəlöhvlük olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB