Əflatun Amaşov: “Mətbuatda uzun illərdir fəaliyyət göstərən şəxslər var ki, yataqxanalarda, kirayələrdə yaşayırlar”-AÇIQLAMA

"İlin sonuna kimi mətbuatın inkişafı üçün heç kimin gözləmədiyi halda radikal addımlar atılacaq". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov jurnalistlərə açıqlamasında deyib.

 

Azərbaycanda jurnalist təhsilinin düzgün qurulmadığını deyən Ə.Amaşov bir sıra sahələrdə olduğu kimi jurnalistika sahəsində də qabiliyyət imtahanlarının olmamasından təəssüfləndiyini bildirib. MŞ-nin yeni binasının açılışı zamanı prezident İlham Əliyev ilə görüşündə də bu məsələnin gündəmə gətirildiyini söyləyən Şura sədri problemin həlli üçün iki istiqamətin nəzərdən keçirildiyini qeyd edib: "Birinci istiqamət odur ki, jurnalistika fakültələrində qabiliyyət imtahanlarını bərpa edək. Eyni zamanda azərbaycanlı jurnalist tələbələrinin xarici ölkələrin ali məktəblərində jurnalist təhsili alması üçün danışıqlar gedir. Onlar xarici dili öyrənəcəklər və dünya təcrübəsinə yiyələnərək qayıdacaqlar. Bunlar Avropa ölkələrinin bir neçə ali məktəbi, o cümlədən Moskva Dövlət Universiteti ola bilər. İşlərimizi uğurla yekunlaşdıra bilsək yəqin ki, gələn ildən jurnalistika fakültələrində qabiliyyət imtahanları bərpa olunacaq. Monitorinqlər göstərir ki, jurnalistika təhsili alan tələbələrin 60-65 faizi bu peşəyə maraqsızdır".

 

Şura sədri sentyabrın 6-da Mətbuat Şurası isə ATƏT-in beynəlxalq konfrans keçirəcəyini diqqətə çatdırıb: "Həmin konfransda medianın tənzimlənməsi beynəlxalq ekspertlərin iştirakı ilə müzakirə olunaraq tövsiyələr səsləndiriləcək. Konfransda Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına təklif edilən əlavə və düzəlişlərlə bağlı tövsiyyələrin növbəti təqdimatı da olacaq. Bundan sonra sənədin qəbulu sürətləndiriləcək. Eyni zamanda diffamasiya haqqında qanunun qəbulu ilə bağlı iki dəyirmi masanın keçirilməsini planlaşdırırıq. Bu tədbirlərdən sonra millət vəkilləri ilə görüşəcəyik. Çalışırıq ki, parlamentin payız sessiyasına kimi həmin sənədi çıxaraq".

 

Ə.Amaşov eyni zamanda jurnalistlər üçün tikiləcək mənzillərlə bağlı sualları da cavablandırıb. Bina üçün yer ayrıldığını və sənədləşmə işlərinin aparıldığını vurğulayan Şura sədri bu məsələ üzərində 4 ildir ki, işlədiklərini deyib: "Monitorinq aparmışıq ki, kimlərin evi yoxdur, kimlərin var. Bizə yarımtikililər də təklif olunmuşdu. Artıq bu məsələ unudulmaqda idi. Mətbuat günündə dövlət tərəfindən 5 milyon manat pul ayrılıb və yer müəyyən olunub. Sənədləşmə işləri yekunlaşdırıldıqdan sonra binanın tikintisinə başlanılacaq. Çalışmalıyıq ki, bu işlər şəffaf olsun. Mətbuatda uzun illərdir, fəaliyyət göstərən şəxslər var ki, yataqxanalarda, kirayələrdə yaşayırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə