Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına təklif edilən əlavə və düzəlişlərlə bağlı tövsiyələr müzakirə olunub - TƏDBİR
Azərbaycan Mətbuat Şurasının (MŞ) ATƏT-in Bakı ofisi ilə birgə layihəsi çərçivəsində ikinci "dəyirmi masa" keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına təklif edilən əlavə və düzəlişlərlə bağlı tövsiyyələr müzakirə olunub.
Bu ilin mart ayından MŞ ilə ATƏT-in Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının təkmilləşdirilməsi, eyni zamanda diffamasiya təşəbbüslərinin dəstəklənməsi ilə bağlı birgə layihə üzərində işlədiyini deyən Şura sədri Əflatun Amaşov layihəni bu ilin sonuna kimi yekunlaşdırmağı düşündüklərini bildirib: "Avqustun 12-də Mətbuat Şurası və ATƏT-in Bakı ofisinin birgə təşkil etdiyi dəyirmi masada peşə davranışı qaydalarına əlavə və düzəlişlərlə bağlı tövsiyyələr nəzərdən keçirilmiş və sənədin təkmil variantının hazırlanması üçün işçi qrupu formalaşdırılmışdı. Şuranın İdarə Heyəti üzvlərinin, ATƏT-in Bakı ofisinin təmsilçisinin, ölkənin tanınan, ictimai fikrə təsir göstərən KİV-lərinin rəhbərlərinin və media ekspertlərinin daxil olduğu qrup avqustun 30-də baş tutan iclasda tövsiyyələrə bir sıra düzəlişlər edərək onu ümumi diskussiyaya çıxarmaq üçün məqbul sayıb. Peşə Davranışı Qaydaları 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin I Qurultayında qəbul olunub və son zamanlar mətbuatda baş verən dəyişikliklər bizi vadar etdi ki, bu qaydaları dəyişdirək və parlamentdə diffamasiya haqqında qanunun qəbulunu dəstəkləyək. Bu məsələyə həm nəzəri, həm də praktiki yanaşmalıyıq ki, tövsiyələr qanun qəbul olunarsa, jurnalistlərin fəaliyyətində hansı rol oynaya bilər?".
İşçi Qrupunun üzvlərindən olan media eksperti Ələsgər Məmmədli qeyd edib ki, tövsiyələrdə hakimlərə təsir göstərə biləcək səviyyədə kimisə günahkar və ya günahsız kimi təqdim etmələrinin yolverilməz olduğu öz əksini tapıb. Media eksperti İşçi Qrupu tərəfindən daha təkmil bir sənədin ortaya çıxarıldığını deyib.
"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov zaman keçdikcə, hər bir sənəd kimi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının da təkmilləşdirilməsinə ehtiyac olduğunu söyləyib. MŞ-nin diffamasiya haqqında qanunun qəbulunda istəkli olduğunu qeyd edən millət vəkili bu istəyin həyata keçirilməsi zamanı böyük bir problemlə qarşılaşdıqlarını dilə gətirib: "Reket jurnalistikası ümumən jurnalistikanın inkişafında böyük bir maneədir. Buna qarşı ciddi mübarizə aparılır. Peşə Davranışı Qaydalarını təkmilləşdirməklə eyni zamanda jurnalistin etik prinsip və normalarını bir daha gündəmə gətiririk. Etik normaları gündəmə gətirməklə çalışırıq ki, reket jurnalistikasına qarşı mübarizəni daha da gücləndirək. Hər bir jurnalistin şüurlu şəkildə etik prinsiplərə əməl etməsinə nail olandan sonra qısa bir müddət ərzində diffamasiya haqqında qanunu da qəbul edək".
MŞ və ATƏT-in bu kimi tədbirlərinin faydalı olduğunu deyən "Olaylar" qəzetinin baş redaktoru və eyni adlı informasiya agentliyinin baş direktoru Yunus Oğuzun sözlərinə görə, ATƏT bəzən Avropa qaydalarını Azərbaycanda tədbiq etmək istəyir. O, bildirib ki, Avropada reket qəzetlər olmadığı üçün mübarizə metodları da yoxdur və buna görə də yerli şəraiti nəzərə alıb bəzi məsələləri uyğunlaşdırmaq lazımdır.
"APA" İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı tövsiyələrə münasibətini bildirərək qeyd edib ki, MŞ-nin üzərinə düşən əsas vəzifə jurnalist peşəkarlığını artırmaqdır: "Bu onun üçündür ki, gələcəkdə cəmiyyətin qınağı ilə üzləşməyək. Bizə deməsinlər ki, tövsiyələri qəbul etdiniz və bundan sonra kriminal bir vəziyyət yaranıb. Cəmiyyət ilə yanaşı jurnalistikanı da buna hazırlamaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB