Aydın Hüseynov: “Azərbaycanın maraqlarına toxunmaq bu gün Rusiyanın özü üçün də sərfəli deyil” - RƏY

Aydın Hüseynov: “Azərbaycanın maraqlarına toxunmaq bu gün Rusiyanın özü üçün də sərfəli deyil” - RƏY

"Azərbaycanın maraqlarına toxunmaq bu gün Rusiyanın özü üçün də sərfəli deyil". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib. Onun sözlərinə görə, Rusiyanın Ermənistana güzəştə getməsi Azərbaycan üçün də o qədər də ürəkaçan deyil: "Ona görə də, bu məqamlara Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri zamanı aydınlıq gətiriləcək. Eyni zamanda bildiyiniz kimi, bizim Rusiya ilə şimal sərhədlərimizdə müəyyən dərəcədə dəqiqləşdirmə məsələsi var. Həmin o məsələlərdə öz həllini tapacaq. Bu isə Azərbaycanın bütövlükdə sərhədlərinin Rusiya tərəfindən bir mənalı olaraq tanınması deməkdir. Bu zəmində bu Rusiyanın Ermənistanla bağladığı hərbi saziş üzərində qurulan müqavilənin neytrallaşdırılmasına gətirib çıxaracaq. Azərbaycanla münasibətlərin normal şəkildə qurulması Rusiyanın özü üçün də sərfəlidir, bu Azərbaycanın da xarici siyasətinə müsbət divident gətirəcək məsələlərdən biridir".

 

Rusiya ilə Ermənistan arasında imzalanan yeni hərbi müqaviləyə toxunan A.Hüseynov bildirib ki, bütün bunlara baxmayaraq bu gün Cənubi Qafqaz regionunda Azərbaycanın təsir qüvvəsi digər qonşu respubilikalardan daha çoxdur. O, qeyd edib ki, Rusiya Ermənistana tarixən özünün bir əyaləti kimi baxır və xüsusən də bu gün Rusiya Ermənistana heç də özünün müstəqil xarici siyasəti olan bir dövlət kimi yanaşmır: "Ancaq bu gün Azərbaycan isə bölgədə və ümumiyyətlə dünyada öz dövlətçilik və milli maraqlarına uyğun sərbəst siyasət yeridən, heç kimdən iqtisadi və siyasi baxımdan asılı olmayan bir dövlətdir. Ona görə də Rusiya ilə Azərbaycan arasında deməzdim ki, tam hərbi mənada ittifaqın bağlanması baş verəcək, amma bu səpkidə Ermənistanla bağlanan müqaviləni neytrallaşdırmaq və Azərbaycanla olan münasibətlərin normal olması üçün və gələcəkdə də bu ölkələr arasında daha strateji məsələlərdə bir mövqedən olması üçün Rusiya nəyisə kompensasiya mütləq edəcək".

 

"Rusiya ilə Azərbaycanın yaxınlaşması Türkiyə ilə Azərbayacan arasında münasibətlərə təsir edə bilərmi?" sualına cavabında Aydın Hüseynov "Azərbaycanla Rusiyanın yaxınlaşması əslində elə Türkiyə ilə Rusiya arasındakı münasibətlərə əlverişli körpünün yaranması deməkdir. Eyni zamanda Azərbaycanla Türkiyənin münasibətləri daima tarixən münasibətlər normal olub, yaxın olub və eyni zamanda burada bir millət iki dövlət prinsipləri gözləndiyi kimi, bundan sonra da gözləniləcək. Bu yaxınlaşma Türkiyə ilə bizim münasibətlərə heç bir soyuqluq gətirməyəcək"- deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə