Son günlərdə Cənubi Qafqaz regionunda gedən geosiyasi proseslərdə yaranmış gərginlik Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinə öz mənfi təsirini göstərməkdədir. Gümrüdəki rus hərbi bazalarının ölkədə qalma vaxtının 2049-cu ilədək uzadılması bölgədə hərbi-siyasi durumu gərginləşdirir.
Bütün cəbhələrdə məğlub duruma düşən Ermənistanın Rusiya tərəfindən dəstəklənməsi ilə Moskvanın qərəzli siyasət yeritdiyi bir daha təsdiq olundu. Rusiyanın Qafqazda yürütdüyü siyasətin bölgədə sülhün əldə olunmasına maneə törətdiyi göz önündədir. Bu ölkə Ermənistan-Azərbaycan münaqişənin sülh yolu ilə həllini təmin etməli olan ATƏT-in Minsk qrupunun həmsədri olmasına rəğmən Ermənistanı açıq şəkildə dəstəkləyir. İş o yerə çatıb ki, Ermənistan prezidentinin "Azərbaycan Qarabağı heç zaman görməyəcək" bəyanatını sanki dəstək olaraq işğalçı ölkənin müdafiə naziri "müharibə başlansa Rusiya Ermənistanı müdafiə edəcək"-deyə hədələyici bəyanatla tamamladı.
Bu situasiya münaqişənin həlli ilə bağlı danışıqlar prosesinə mənfi təsir göstərir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun münaqişənin həlli ilə bağlı açıqlamasından belə anlaşıldı ki, Rusiya razılaşdırılmayan əsas məsələləri kənara qoymaqla tərəflərin saziş imzalamasını istəyir. Siyasi müşahidəçilərin fikrincə, bu, elə problemin həllinin rəsmi şəkildə dondurulması deməkdir.
Xəzər Araşdırmalar Fondunun rəhbəri, politoloq Vəfa Quluzadə SİA-ya açıqlamasında bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk Qrupundan, onların irəli sürdüyü Madrid təkliflərindən, Rusiyanın ortaya atdığı Sankt-Peterburq təkliflərindən danışmaq mənasızdır: "Çünki bu vaxta qədər nə Minsk Qrupunun işinin bir nəticəsi olub, nə də ortaya hansı təklifin qoyulmasından asılı olmayaraq, Rusiya və Ermənistanın mövqeyi dəyişməyib. On səkkiz ildir bizim başımızı belə mənasız təkliflərlə yorurlar. Ona görə də, hesab edirəm ki, Lavrovun dediyi təkliflərin heç bir perspektivi yoxdur. Ümumiyyətlə, bu problemin həllini tapması üçün Rusiyanın mövqeyi dəyişməlidir. Yaxın perspektivdə isə belə bir dəyişiklik gözlənilmir. Çünki Qarabağ münaqişəsinin həlli Rusiyanın marağında deyil. Ona görə də, nəsə gözləməyə dəyməz".
V.Quluzadənin fikrincə, Rusiyanın Qarabağda nə oyun çıxarmaq istədiyini bilmək olmaz: "Atəşkəs xətti bizim paytaxtımızın cəmisi 360 kilometrliyindən keçir. Ancaq biz hələ də Rusiyadan ədalətli yanaşma gözləyirik. Məsələ bundadır ki, yaranmış vəziyyət bizim üçün də xoşagələn deyil. Azərbaycan özünə müttəfiq axtarmalıdır. Azərbaycanın Türkiyə ilə, ABŞ - la münasibətlərində ziddiyyətlər salmağa çalışırlar. Ermənistanın Rusiya ilə heç bir ziddiyyəti yoxdur".
Ekspert deyib ki, Moskva Ermənistanda prezidentdən, müdafiə nazirindən tutmuş, bütün yüksək postlara şəxsləri özü təyin edir: "Kreml Ermənistandan da öz məqsədləri üçün istifadə edir. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, ermənilər xristiandır və xristian dünyasında da ermənilərə simpatiya yaratmağa çalışırlar. Əslində, erməniləri ruslar müxtəlif ölkələrdən gətirib Azərbaycan torpaqlarında yerləşdiriblər. Azərbaycan torpaqlarından türkləri deportasiya edərək ermənilərə dövlət yaradıblar".
Rəsmi Moskva hazırda Cənubi Qafqaz regionunda balanslaşdırılmış siyasət yeritmir. Politoloq Cümşüd Nuriyev "Ekspress"ə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Rəsmi Moskva baza prinsiplərinin indiyə qədər razılaşdırılmış hissəsini ilkin olaraq rəsmi sənəd şəklində fiksə edilməsini təklif edir" bəyanatını şərh edərkən belə deyib. "Rusiyanın Azərbaycanın ərazisini işğal edən dövlətlə hərbi saziş imzalayıb təhlükəsizliyini üzərinə götürməsi bu zəmində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son bəyanatına sırf xristian həmrəyliyindən başqa siyasi adı vermək olmur. Azərbaycana sözdə strateji tərəfdaş deyir, ərazi bütövlüyünü tanıyır, amma digər tərəfdən Ermənistanı ATƏT-in həmsədri kimi dəstəkləyir. Rusiya özünə dövlət kimi hörmət etməlidir. Əgər Moskva bu şəkildə siyasətini yeridərsə, bu təbii ki Rusiyaya hörmət gətirməyəcək"- politoloq qeyd edib.
C.Nuriyev deyir ki, əslində, bütün dünyaya aydındır ki, Azərbaycan torpaqlarını Rusiya işğal edib, adını da qoyublar ki, bu, Ermənistanın işğalıdır. Politoloqun fikrincə, Kreml bu addımları atmaqla onu nümayiş etdirir ki, region bizim maraq dairəmizdədir. "Qəribədir ki, dünyanın bütün bölgələrində nüfuz mübarizəsi aparan fövqəldövlətlər Cənubi Qafqazda sanki ümumi mövqeyə gəliblər. Qərb Rusiyaya imkan yaradır ki, regionda hegemonluq etsin. Rusiya faktiki olaraq Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərini işğal etdi. Qərb isə hələ də susur".
ABŞ analitik mərkəzlərinin ümumi rəyinə görə, Rusiyanın Cənubi Qafqazla bağlı siyasətini aktivləşdirməsi Qərbin bölgədəki mövqelərinin zəifləməsi sonucunda ortaya çıxıb. Qərb mətbuatında yayımlanan analitik materiallarda qeyd olunur ki, Rusiya Qərbi Gürcüstanda məğlubiyyətə uğratdı və regionda kimin kim olduğunu göstərdi.
Qeyd olunur ki, Rusiya hər zaman əlinə düşən imkandan istifadə edib, bir yeri işğal etməyə çalışır və sonadək bu siyasəti davam etdirəcək. Moskva əgər Qafqaz bölgəsini özünün nüfuz dairəsinə daxil edibsə, burada Qərbə heç bir güzəştə getməyəcək. Son olaylarda Kreml bunu əyani göstərdi.
Qeyd edək ki, Azərbaycan 1994-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsinə xüsusi şərtlə daxil olmuşdu. Yəni Bakı həmin müqaviləni ratifikasiya edən zaman belə bir maddə əlavə olundu ki, Azərbaycan əraziləri işğaldan azad olunmasa Azərbaycan 5 ildən sonra bu müqavilədən çıxacaq. Bu müddətdə Rusiya bunun reallaşması üçün heç nə etmədi və 1999-ci ildə Azərbaycan bu müqaviləni tərk elədi. Amma Azərbaycan Rusiyanın layihələrində fəal iştirak edir, bütün beynəlxalq qurumlarda Rusiyanı dəstəkləyir.
Son baş verən meşə yanğınları ilə bağlı Azərbaycanın köməyi də faktdır. Ölkədə Rusiyanın iqtisadi maraqları təmin olunub, neft-qaz layihələrində güzəştlər edilib. Rusiya Azərbaycanla bütün sferalarda əməkdaşlıq etsə də, prinsipial məqamlarda heç zaman Azərbaycanı müdafiə etməyib. Ölkəmizin ən böyük ticarət partyorlarından biri olan Şimal ölkəsinin Azərbaycana daha çox ehtiyacı var, nəinki Ermənistana. Bu kontekstdə Moskvanın buna qiymət verməməsi təəssüf doğurur.
Yaxın vaxtlarda Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri baş tutacaq. Səfər zamanı iki ölkə arasındakı münasibətlərə və bölgədə yaranmış durumun müzakirə olunacağı gözlənilir. Dövlətlərin daimi dostları olmur, daimi maraqları olur. Rusiyanın bütün maraqlarına Azərbaycan cavab verir. Ermənistan isə rusların çiynində lazımsız ağır yükdür. Bu yükdən qurtulmağın zamanı çatıb, amma Kremldə bunu anlayacaq biriləri yoxmuş kimi görünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB