“Dağlıq Qarabağ: Həqiqətlər və yalanlar..” adlı filmin təqdimat mərasimi keçirilib

Bu gün Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) millət vəkili Həvva Məmmədovanın müəllifliyi ilə çəkilmiş "Dağlıq Qarabağ: Həqiqətlər, yalanlar..." adlı filminin təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ermənilər tərəfindən 17 il bundan qabaq Qubadlının işğalı zamanı həlak olanların ruhu bir dəqiqəlik sükütla yad edilib. Tədbirdə çıxış edən Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında SAM-nin qarşısında duran vəziflərinə toxunub.

 

O, qeyd edib ki, Ermənilər tərəfindən Azərbaycanlılara qarşı törədilən soyqırım həqiqətləri bütün janrlarda dünya ictimaiyyətinə çatdırılmalıdır: "Dünya ictimaiyyəti bilməlidir ki, erməni sindromu mövcuddur və ona qarşı ciddi mübarizə aparılmalıdır. Məhz bu fonda bu gün izləyəcəyimiz film buna bariz nümunə ola bilər. Filmdə ermənilərin həqiqi siması ortaya qoyulub. Ermənilərin tarixi boyu törətdikləri vəhşiliklər tam mənzərəli ifadə olunub. Azərbaycan və dünya seyircisi bunu rəğbətlə qarşılayacaq".

 

H. Məmmədova isə filmin ingilis dilinə tərcümə olunduğunu və digər dillərə də tərcümə olunacağını deyib. Onun sözlərinə görə, 35 dəqiqəlik sənədli filmdə ilk dəfə olaraq xarici ekspertlər (ABŞ, Rusiya, Türkiyə, Qazaxıstan) Dağlıq Qarabağ və Azərbaycanla bağlı öz fikirlərini səsləndirib: " Hazırda dünya ictimaiyyəti şahidlərə söykənən faktları qəbul edir. Biz bu gün şahidlikdən çıxış edərək, həqiqətləri hamıya çatdırmalıyıq".

 

Filmin məsləhətçisi, deputat Rəbiyyət Aslanova dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadıqlarını söyləyib: "Onlar Dağlıq Qarabağla bağlı bugünki status-kvonun dəyişdirilməsində maraqlı deyillər. Dünya sanki kordur, kardır. Beynəlxalq təşkilatlar buna sayğızılıq nümayiş etdirirlər. Hər bir azərbaycanlı öz səyini ortaya qoyub eyni məqsəd uğrunda fəaliyyət göstərməlidir".

 

Daha sonra çıxış edənlər film haqqında öz münasibtlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə