Bahar Muradova: “Builki parlament seçkilərində uğur qazanacaq qadınların sayının çox olmasını gözləyir və istəyirəm” - EKSKLÜZİV

"Builki parlament seçkilərində uğur qazanacaq qadınların sayının çox olmasını gözləyir və istəyirəm". Bu sözləri SİA-ya Milli Məclisin vitse-spikeri Bahar Muradova açıqlamasında deyib. Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) bu sahədəki uğurunu xüsusi vurğulayan B.Muradova bildirib ki, YAP-ın bələdiyyə seçkiləri zamanı bu sahədə uğur qazanmasınn əsas səbəbi öz üzvləri arasında çox qabiliyyətli, xalq üçün işləməyi bacaran qadınları seçib irəliyə sürməsi olub ki, onlardan da bir çoxu mandat qazanıb. O hesab edir ki, təkcə bələdiyyə, parlament seçkilərində deyil, ümumiyyətlə ictimai-siyasi həyatın bütün istiqamətlərində, sferalarda qadınların iştirakının çoxluğuna nail olmaq lazımdır.
İctimai-siyasi həyatda qadınların rolunun artırılmasında ən gözəl göstəricinin parlament seçkiləri olduğunu dilə gətirən vitse-spiker söyləyib ki, yəqin bu dəfə də, çoxsaylı qadınlar seçki marafonuna qatılacaqlar.

"Mən çox istərdim ki, iştirakçıların, siyasi partiyaların, namizədliyini irəli sürənlərin içərisində qadınların sayı çox olsun ki, onlardan da mandat qazananların sayı çox olsun. Hazırda parlamentdə 14 qadın millət vəkili var. Hesab edirəm ki, biz bu 5 il müddətində Azərbaycan qadınlarını çox normal, yaxşı, ləyaqətlə təmsil edə bildik. Həmin bu 14 nəfərin 5 illik fəaliyyətini Azərbaycan qadınlarının parlamentdəki fəaliyyəti kimi dəyərləndirirəm. Düşünürəm ki, qadın millət vəkilləri bu dövr ərzində çox ciddi uğurlara imza atdılar, öz adlarını Azərbaycanın siyasi, parlament tarixinə yaza bildilər. Onlar sübut etdilər ki, Azərbaycan qadını bu sahədə də çox gözəl fəaliyyət göstərməyə qadirdir. Ona görə də bu fundament bizə qarşıdakı seçkilərdə də müəyyən qədər uğur qazanmaq imkan verir. Düzdür, bunun nə qədər olduğunu seçkilər göstərəcək, seçicilər müəyyən edəcək. Amma hər-halda parlament seçkilərində daha çox qadının yarışa qoşulacağını düşünürəm", - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...