“Qarabağ” Seçki Blokunun vahid namizədlər siyahısı sentyabrın 4-ə kimi məlum olacaq

"Qarabağ" Seçki Blokunun növbəti toplantısı keçirilib. SİA-ya açıqlamasında bu haqda bloka daxil olan partiyalardan biri, Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadə məlumat verib. Toplantıda daha bir neçə dairə üzrə namizədin razılaşdırıldığını deyən partiya funksioneri həmçinin, blokun əsasnaməsi, təbliğat kampaniyasının qurulması və görüləcəyi işlərin müzakirə olunduğunu bildirib. O, növbəti toplantının sabah keçiriləcəyini deyib.

 

Sentyabrın 4-də blokun bütün namizədlərinin iştirakı ilə Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında geniş bir toplantının keçirilməsinin nəzərdə tutulduğunu söyləyən Ali Məclisinin sədri həmin tarixə kimi blokun vahid siyahısının tam hazır olacağını qeyd edib. Müəyyənləşdirilən namizədlərin sayına gəlincə, Ə.Ağazadə bunları bildirib: "ADP ilə 91 seçki dairəsi üzrə namizədləri razılaşdırmışdıq. Aydınlar Partiyası bloka qoşulandan sonra namizədlərlə bağlı dəyişiklik olub. Təxminən 100 dairə üzrə namizəd razılaşdırılacaq və blokun adından namizədlər irəli sürüləcək".

 

Ə.Ağazadə blokun ümumi namizədlər siyahısında hər partiya üçün də ayrıca kvotanın da müəyyənləşdirilmədiyini dilə gətirib: "Bütövlükdə namizədlərin seçilmək imkanları, nüfuzu nəzərə alınıb. Hansı partiyadan nə qədər namizədin olacağı ilə bağlı məsələ müzakirə edilməyib".

 

Ümid Partiyası Ali Məclisin sədri Aydınlar Partiyasının bloka təqdim etdiyi 13 nəfərlik namizədləri siyahısının da ümumi siyahıya daxil ediləcəyini vurğulayıb. "Qarabağ" seçki blokunun parlament seçkilərində uğur əldə etmək, parlamentdə fraksiya yaratmaq imkanlarına da toxunan Ə.Ağazadə bu barədə qəti bir fikir söyləməyin çətin olduğunu ifadə edib: "Blokun xeyli sayda namizədinin parlamentdə mandat qazanmasına ümid edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə