Musa Qasımlı: "Dmitri Medvedevin sentyabrın 2-də ölkəmizə səfəri adi səfərlərdən biri olmayacaq"-AÇIQLAMA

"Rusiya prezidenti Dmitri Medvedevin sentyabrın 2-də ölkəmizə səfəri adi, sıradan səfərlərdən biri olmayacaq". Bu sözləri SİA-ya tarix elmləri doktoru, professor Musa Qasımlı açıqlamasında deyib. Onun sözlərinə görə, xüsusən də Türkiyənin prezidenti Abdullah Gülün Azərbaycana səfərindən sonra Rusiya prezidenti Dmitri Medvedevin ölkəmizə gəlməsi Azərbaycan Rusiya münasibətlərinə yeni keyfiyyət mərhələsi verə bilər. İki ölkə arasında müzakirə olunacaq bir çox məsələlərin olduğunu dilə gətirən tarix elmləri doktoru bildirib ki, bu məsələlərdən ən başlıcası Ermənistan təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ məsələsi və Ermənistanın bu danışıqları pozmasıdır.

Səfərin Rusiya hərbi bazasının Gümrüdə qalma müddətinin uzadılması barədə Rusiya ilə Ermənistan arasında imzalanan protokola təsirinə gəlincə M.Qasımlı: "Ermənistanla Rusiya arasında imzalanan müqavilə yeni deyil. O əvvəllər imzalanan müqavilənin vaxtının uzadılmasıdır. Hesab edirəm ki, bu müqavilə tək Rusiyanın Ermənistan siyasətinin mahiyyətini açmır. Eyni zamanda Rusiyanın bütövlükdə Cənubi Qafqaz siyasətinin mahiyyətini açır. Rusiya Cənibi Qafqazda münaqişə yaratmaqla möhkəmlənmək istəyir. Düşünürəm ki, Ermənistanla Rusiya münasibətləri nə qədər sıx olsa da, Rusiya gec-tez Ermənistanı qurban verəcək. Çünki Ermənistanla əməkdaşlıq Rusiyaya xeyir gətirmir və o Cənubi Qafqazda möhkəmlənə bilmir. Rusiyanın Minsk Qrupunda həmsədrlik imicinə zərbə dəyir, özünü bitərəf dövlət kimi göstərə bilmir. Bu baxımdan da mən hesab edirəm ki, Medvedevin Azərbaycana səfəri Rusiya Azərbaycan münasibətlərinə yeni çalarlar gətirəcək. Amma bu səfərin Rusiyanın Ermənistanla əməkdaşlığından yaxın vaxtlarda imtina etməsinə qətiyyən təsiri olmayacaq. Ermənistan əslində müstəqil dövlət deyil, o həm daxili, həm də xarici siyasət baxımından tamamilə Rusiyaya bağlıdır. Ermənistanın təhlükəsizliyi Rusiya tərəfindən qorunacaq fikri o deməkdir ki, Ermənistan faktiki olaraq Rusiyanın bir əyalətinə çevrilib",- deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə