Ermənilər işğal etdikləri Qubadlı rayonunun təbiətinə ciddi ziyan vurublar

Qubadlı rayonunun işğalından 17 il keçir. Sahəsi 80250 hektar olan rayon 31 avqust 1993-cü il tarixində erməni işğalçıları tərəfindən zəbt olunub. Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13160 hektar dövlət meşə fondu mövcud idi. 10-dan artıq iri diametrli ağaclar təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu. Qubadlı rayonunun ərazisində ehtiyatları 6247 min m3 və mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min m3 olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan (əqiq) və Həkəri çayı sahilində ehtiyatları 84 min m3/gün olan yeraltı şirin su yataqları var idi. Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunub, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılıb və məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə