"Rusiya Federasiyasındakı Azərbaycanlıların ən böyük ictimai birliyini dövlət qeydiyyatının ləğv edilməsi, əlbəttə, çoxlu suallar doğurur. Özü çoxmədəniyyətli, polietnik gerçəklik və xarakterdə olan Rusiya toplumunun da belə bir qərara münasibətsiz qalmaması lazımdır, deyə düşünürəm. Əlbəttə, RF-nin daha yuxarı yetkilərə malik dövlət orqanlarının bu yanlış "ləğvetmə qərarı"nın özünü ləğv edəcəyini arzu və ehtimal edirəm. Ancaq bu işlər yalnız arzularla həll olunmadığı da bir gerçəkdir". Bunu SİA-ya açıqlamasında Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.
"ÜAK rəhbərliyinin bütün hüquq prosedurlarından faydalanmasını istərdim. İstərdim, bizim əlaqədar dövlət orqanları – XİN, Diasporla iş üzrə Dövlət Komitəsi və b. məsələ ilə bilavasitə məşğul olaraq, bir sonuca varsınlar. Bugün Milli Məclisdə bu qərarla bağlı deputatlarımızın, konkret olaraq, parlament rəhbərliyinin narahatlığı, narazılığımızı açıq ifadə edən çıxışları təqdir edirəm.
Doğrudur, ÜAK-ın ləğvi dünyanın sonu deyil, əməli fəaliyyət üçün başqa imkanlar da tapmaq mümkündür; lakin bu işin "niyə"si, "pərdəarxası" üzə çıxmalıdır. Rusiya unutmamlıdır ki, o ATƏT-in Minsk Qrupunun həmsədridir, habelə Federasiya daxilində tolerantlıq mühiti, millətlərarası münasibətlərin təhdiddən qorunması onların özləri üçün böyük önəm daşıyır. ÜAK kimi qurumlar sabitlik, istiqrar, qarşılıqlı faydalı işbirliyi mühitinin yaradılması və qorunması üçün əlverişli bir platformadır, onun qədrini yalnız biz deyil, Kreml də bilməlidir"-deyə, Əkbər Qoşalı fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB