Bəhruz Quliyev: “Rəsmi Moskva adekvat addımların atılacağını nəzərə almalıdır" EKSPERT RƏYİ
"Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv olunması ilə bağlı qaldırılan məhkəmə iddiasını tamamilə əsassız hesab edirəm". Bu fikirləri SİA-ya siyasi ekspert Bəhruz Quliyev sözügedən məsələyə münasibətini açıqlayarkən deyib. Onun sözlərinə görə, burada əsas məqsəd son dövrlərdə inkişaf edən Rusiya-Azərbaycan əlaqələrinə xələl gətirməkdir: "Söz yox ki, bu gün Rusiyada güclü erməni lobbisi fəaliyyət göstərir və ölkələrimiz arasında olan mövcud inkişaf onları ciddi şəkildə narahat etməyə başlayıb. Bu baxımdan, ÜAK-ın bağlanması barədə qaldırılan məhkəmə iddiasının arxasında dayanan əsas faktor da bu narahatlıqla bağlıdır".
B.Quliyev əlavə olaraq qeyd etdi ki, bu gün Rusiyada kifayət qədər çox sayda azərbaycanlılar yaşayır. Onlar müxtəlif adda qurum və birliklərdə təmsil olunaraq ölkənin ictimai-siyasi həyatında, inkişafında müstəsna rol oynayırlar: "İstər Rusiyanın nəhəng şirkətlərində, istər ictimai təşkilat və qurumlarda fəaliyyət göstərən azərbaycanlılarla yanaşı, Rusiya Federasiyasının ictimai-siyasi həyatında da yüksək mövqelərə malik olan soydaşlarımız var ki, onların göstərdikləri fəaliyyət bütün mənalarda öz müsbət cəhətləri ilə seçilir. Belə olan halda Rusiya tərəfi sözügedən məhkəmə ilə bağlı ciddi götür-qoy etməli, hətta kimlərinsə maraqlarını təmin eədəcəkləri halda bunun fəsadları barədə də düşünməlidir".
Siyasi ekspert son olaraq bildirib ki, Azərbaycanda da çoxminlik rus icması fəaliyyət göstərir və onların fəaliyyətləri üçün lazım olan şərait yaradılıb: "Bütün bunları nəzərə alsaq, bu zaman Rusiya Federasiyasının həqiqətən də düşünməli olduğu məqamlar var. Əgər məhkəmə erməni lobbisinin və qrup maraqlarının iddiasına müsbət yanaşarsa, həmin qərar rəsmi Kremlə yaxşı heç nə vəd etməyəcək. Məncə, Moskva rəsmi Bakının kifayət qədər qətiyyətli və adekvat addımlar atacağını nəzərində saxlamalıdır".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB