Azər Həsrət: “Azərbaycan-Rusiya münasibətlərinin korlanmasına çalışan qüvvələrə şans verməməliyik” MÜNASİBƏT
"Ümumiyyətlə istənilən halda Rusiya ilə Azərbaycan arasında strateji, tərəfdaşlıq münasibətlərinin qorunmasında maraqlıyıq. Yəni arzu etməzdik ki, hər hansı bir hadisə Rusiya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinə kölgə salsın. O cümlədən də Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ilə bağlı baş verənlər əlbəttə ki, üzücüdür". Bunu SİA-ya açıqlamasında "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin sədri Azər Həsrət deyib.
Onun sözlərinə görə, təəssüflər olsun ki, bu təşkilatın bağlanılması üçün hüquq müstəvisində addımlar atılır: "Biz düşünmürük ki, bu Rusiya hakimiyyətinin, birbaşa prezident Vladimir Putinin və yaxud da onun komandasının qərarıdır. Düşünürəm ki, burada hansısa üçüncü qüvvələr yəqin ki, Azərbaycanla Rusiya arasında münasibətləri pozmaq, ümumiyyətlə isə bizim uzun müddətli strateji tərəfdaşlıq münasibətlərimizə kölgə salmaq üçün bu addımı atır. Yəni Azərbaycan istənilən halda bu məsələdə təmkinli davranmalıdır. Çünki Rusiyada bəlli olduğu kimi milyonlarla ölçülə biləcək azərbaycanlı yaşayır. Azərbaycanlıların orada çalışması, fəaliyyəti, taleyi bizim üçün hər zaman önəmli məsələ olub. Bu baxımdan düşünürəm ki, həmin sözügedən məsələdə də biz təmkinli davranmalıyıq. Hər şeydən əvvəl iki ölkənin münasibətlərinin korlanmasına çalışan qüvvələrə sadəcə olaraq şans verməməliyik.
Digər tərəfdən Rusiyada yaşayan azərbaycanlıların normal, sərbəst, sabit həyatının davam etdirilməsi üçün yarana biləcək əngəlləri diqqətə almalıyıq. Üçüncü tərəfdən isə ümumiyyətlə bizim aramıza daxil olmaq istəyən qüvvələrə heç bir formada imkan yaratmamalıyıq ki, Rusiya ilə Azərbaycanın münasibətlərini pozsun. Bilirsiniz ki, Azərbaycanda da çoxsaylı rus azlığı yaşayır. Azərbaycan dövləti bütün mərhələlərdə, səviyyələrdə həmin azlığa qarşı münasibətdə çox yüksək səviyyədə davranır.
Hətta Azərbaycan Prezidenti səviyyəsində belə ölkəmizdəki rus icmasına çox böyük diqqət və qayğı var. Ona görə heç də təsadüfi deyil ki, Azərbaycandakı rus icması da ÜAK-nın bağlanılması ilə bağlı atılan addımları qınayan bir çıxış etdi. İcma Rusiya hakimiyyətinə çağırış etdi ki, orada azərbaycanlıların bu təşkilatının fəaliyyətinə imkanlar yaradılsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB