Rusiya bütün tərəflərdən getdikcə artan təzyiq altındadır MÜNASİBƏT

Rusiya bütün tərəflərdən getdikcə artan təzyiq altındadır MÜNASİBƏT

"Rusiya bütün tərəflərdən getdikcə artan təzyiq altındadır". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, ABŞ-ın Suriyaya raket zərbələrinin endirməsinin güc nümayişi, Çinin rəğbətini qazanmaq, Trampın ölkə daxilində reytinqini yüksəltmək kimi motivasiyaları olsa da əsas səbəb Rusiyanın maraqlarına zərbə vurmaq idi: "RF bu zərbələrdən sonra öz hərbi planlarında müəyyən korreksiyalar etdi. İndi həm Suriya həm də RF hərbçiləri Suriyanın daxilində özlərini rahat hiss etmirlər. Rusiya hərbi təyyarələrinin bir qismini Suriya ərazisindən çıxardı. Suriya isə hərbi qüvvələrini səpələdi.

II. Donbas və Krım ətrafında vəziyyət yenidən gərginləşir. Ukrayna yenidən Krım ətrafında hərbi təlimlərə başladı. Donbasa elektrik enerjisinin verilməsini dayandırdı. ABŞ prezidenti, Dövlət Katibi və digər rəsmiləri Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.

III. Rusiyanın daxilində sosial narazılığın Qərbdən dəstəklənməsi davam edir. Eləcə də Rusiyanın daxilində təxribat kimi dəyərləndirilə bilən digər hadisələr də baş verir;

Baş nazir D.Medvedevin korrupsioner obrazı yaradılır. Bu hakim elita daxilində inamsızlığın şaxələnməsidir.

Bir qrup yüksək çinli rus hərbçisi Rusiyanın ABŞ qarşısında acizliyini sanballı, tutarlı dəlillərlə sübut etməyə çalışırlar. Bir neçə ay bundan qabaq bir qrup hərbiçi ABŞ-ın RƏMS sisteminin Rusiyanın Qitələr arası Ballistik Raketlərini (QABR) tuta bilmək gücündə olduğunu bildirmişdilər; Start anını müəyyənləşdirən ABŞ RƏMS-ləri sonradan QABR-ların trayektoriyasını müəyyənləşdirir və hədəfə çatmamış onu məhv edir. ABŞ RƏMS-ləri üçün bu prosesə maksimum 150 saniyə, başqa sözlə 2,5 dəqiqə vaxt lazımdır. İndi həmin qrup rus hərbçiləri bu tezisi yenidən aktuallaşdırmaqla yanaşı daha yeni təhlükə də ortalığa qoydular: ABŞ-ın yeni hazırladığı silah Rusiya hərbisinin komanda məntəqələrini dəqiqliklə, qısa müddət ərzində məhv edə bilir. RF hərbçilərinin bu fikirlərini təkzib etmək iqtidarında olan heç bir mütəxəssis yoxdur. Amma işin digər tərəfi diqqət çəkir. Hərbçilər belə məlumatları özlərinə məxsus kanallarla ölkə rəhbərliyinə çatdırmalıdırlar. Rusiya dövlət mətbu orqanlarını ABŞ-ın hərbi gücünün təbliğinə çevirmək başa düşülmür. Eyni hadisə ilə biz ən azı üç dəfə rastlaşmışıq. Rusiya hərbisinin davranışı bir az fərqli mənzərə nümayiş etdirir. V.Putin ABŞ-ın Alyaska ştatında RƏMS-lər yerləşdirməsini RF üçün təhlükə adlandırdı və mütəmadi olaraq strateji aviasiyası Alyaska ətrafında beynəlxalq ərazilərdə hərbi uçuşlar reallaşdırır.

IV. Türkiyə qeyri-müəyyən siyasətində hərbi elementləri antiRusiya istiqamətində gücləndirdi. Bir tərəfdən Qara dənizdə Rusiya ilə birlikdə hərbi təlimlər keçirir, digər tərəfdən Rusiyanı Suriyada kimyəvi silah tətbiqinin hamisi kimi təqdim edir. Türkiyə prezidentinin Rusiya prezidenti ilə dialoqa can atması da göz qabağındadır.

V. İsrail Suriya ərazisinə hücumlarının sayını artırıb. Bu İsrailin Rusiyanın İranla əlaqəli siyasətindən narazılığı fonunda baş verir.

Rusiyanın belə çox saylı neqativliklərə qarşı əlində iki yeni vasitə var:

I. ABŞ-ın Alyaska ştatı yaxınlığında beynəlxalq ərazilərində Suriya bombardmançıları uçuşlar keçirməyə başlayıb. Bu ABŞ-da ciddi narahatlıq yaradır. D.Trampın məsələdən məlumatı olsa da hələ ki, ciddi addım ata bilmir.

II. ABŞ Koreya Xalq Demokratik Respublikasına qarşı müharibə etməyə hazırlaşsa da bunu dayandırdı. İndi KXDR-ə qarşı iqtisadi sanksiyalar tətbiq etmək kursunu götürüb. ABŞ bu işi BMT TŞ xətti ilə reallaşdırmaq niyyətindədir. RF ABŞ-ın KXDR-ə qarşı iqtisadi sanksiyanın tətbiqi kursunu dəstəkləməyəcəyini bildirdi. Rusiya belə sanksiyaları dəstəkləsəydi ABŞ-ın onun özünə qarşı tətbiq etdiyi sanksiyaları da legitimləşdirmiş olar.

Bürün təzyiqlərin müəllifi olan ABŞ Rusiyaya qarşı münasibətini necə quracağını bəyan etdi: Maraqları üst-üstə düşən sahələrdə əməkdaşlıq edəcəklər. Lazım olanda Rusiyaya qarşı dayanacaqlar. Reallıqda ABŞ-ın indiki kursunu belə deşifrə etmək olar. ABŞ bütün sahələr və istiqamətlər üzrə Rusiya ilə qarşıdurma kursu götürür. Yalnız ABŞ-ın maraqlarına uyğun olduqda Rusiyaya əməkdaşlıq təklif ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə