Spiker: "Deputatların etik davranışları ilə bağlı qanun yumşaldılmalıdır"
"Deputatlar parlamentin adına xələl gətirməməli, vətəndaşlara nümunə olmalıdır. Əgər biz öz davranışlarımıza nəzarət edə bilmiriksə, o zaman qanuna niyə etiraz etməliyik?". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə "Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputatın sözlərinə görə, əgər deputat etik davranışı pozmursa, o zaman niyə deputatlıq mandatından məhrum edilsin?: "Milli Məclis MSK-ya üzv, məhkəmələrə hakim təyin edib onların etik davranışlarını müəyyən edir. Belə olan halda, niyə özümüz haqqında qanun qəbul edib, etik davranışımıza nəzarət etməməliyik? Bəziləri qanun layihəsini parlamentin səlahiyyətlərinin azaldılması kimi qəbul edir. Lakin əksinə, sözügedən qanun layihəsi parlamentin şəffaflığını təmin edəcək. Beş il Milli Milli Məclisin İntizam Komisiyasının sədri olmuşam. Bu müddət ərzində İntizam Komissiyasına deputatın parlamentdənkənar fəaliyyəti ilə bağlı 3 min müraciət daxil olub. Deputat özünü normal aparacaqsa, onunla bağlı hansı qərar qəbul edilə bilər ki? Cinayət Məcəlləsi də belədir, əgər cinayət törədirsənsə, məcəllə işə düşür".
S. Novruzov söyləyib ki, qanun layihəsi qəbul olunduqdan sonra deputatlar həmkarlar arasında çıxış etdikləri zaman öz mövqeyini müdafiə etməklə yanaşı, haqlı olduqlarını sübut etməli olacaqlar: "Biz cavabdehliyimizi həmkarlarımız qarşısında daşımalıyıq. Qanun layihəsi bir çox ölkələrin təcrübəsi əsasında hazırlanıb. Onun üzərində 5 il işlənilib. Layihədə müəyyən detalları çıxarmaq olar. Misal üçün burada deputatın hədiyyə alması ilə bağlı limit 55 manatdır. Bu məsələyə baxıla bilər, ola bilər ki, dəyişiklik edilsin. Lakin ümumilikdə qanun layihəsi birinci oxunuş üçün hərtərəfli işlənib, konseptual baxımından zəruri və vacibdir. Deputatlarımız qanun layihəsi ilə bağlı təklif və fikirlərini yazılı şəkildə təqdim edə bilərlər ki, onların təklif və istəkləri II oxunuşda öz əksini tapsın".
Məsələ ilə bağlı Milli Məclisin spikeri Oqtay Əsədov da fikirlərini bildirib. O deyib ki, qanun layihəsi işlənməli, orada yer alan bəzi məqamlar yumşaldılmalı və ya çıxarılmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB