Baş nazirin müavini: “Azərbaycanda xeyli sayda iş yerləri açılıb” YENİLƏNİB

Baş nazirin müavini: “Azərbaycanda xeyli sayda iş yerləri açılıb” YENİLƏNİB

Bu gün Bakı Biznes Mərkəzində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının tikinti sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə komissiyasının sədri, baş nazirin müavini Əli Əhmədov, komissiyanın üzvü, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, komissiyanın üzvü, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və KİV iştirak edib.

Komissiyanın sədri, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov deyib ki, Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətdə tikinti sahəsinə böyük önəm verilir: "Bunu tikinti sahəsində çalışanlar hiss edirlər. Ölkədə abadlıq, quruculuq işlərinin aparılmasında tikinti şirkətlərinin böyük rolu var. Dövlət bundan sonra da tikinti sektoruna dəstək verməkdə maraqlıdır. Artıq Azərbaycanda möhkəm dayaqlara söykənən tikinti şirkətləri var".

Əli Əhmədov deyib ki, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyası yaradılarkən qarşıya bir neçə məqsəd qoyulub: "Prezident İlham Əliyevin komissiyanın yaradılması ilə bağlı sərəncamına uyğun olaraq işlər görülür. Azərbaycan iqtisadiyyatı ötən dövr ərzində 3,5 dəfə artıb. Bu iqtisadi yüksəliş sosial problemlərin həll edilməsi üçün baza yaradıb. Azərbaycanda xeyli sayda iş yerləri açılıb, bunun sayı milyon yarımdan çoxdur. Dünyada heç kəsin nail olmadığı göstəriciyə nail olunub, yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə düşüb. İşsizliyin səviyyəsi 6 faizə düşüb. Digər sahələrdə də inkişaf var. Azərbaycan 10-12 ilki vəziyyətindən fərqlənir. Bu da hər bir vətəndaş üçün rahat şəraitin yaradılması deməkdir".

O bildirib ki, neft amili bir neçə il əvvəl oynadığı rolu oynamır: "Bilirsiz ki, dünya bazarında neftin qiyməti aşağı düşüb. Azərbaycanda qeyri-neft sektorunda inkişaf davam edir. Bunun da böyük perspektivi var. Artıq Strateji Yol Xəritəsi hazırlanıb. Bu, Azərbaycanı sıçrayışlı inkişafa aparır. Azərbaycanda ən çox sərmaye qoyulan sahə tikinti sahəsidir. 2016-cı il 15 milyard sərmayənin 11.4 milyardı tikinti sahəsinə qoyulub. Bunun nəticəsidir ki, tikinti sektoru möhkəmlənir. Ötən il 3.9 milyardan artıq əsaslı kapital qoyuluşu həyata keçirilib. Ötən il 1 670 min kvadrat mənzilin tikintisi aparılıb, bu da 13 min mənzil deməkdir. Məktəblər, xəstəxanalar da tikilib. Bu həm dövlətin, həm də biznes sferasında çalışan insanların imkanları hesabına olub. Rəsmi statistikaya əsasən, tikinti sektorunda 343 min nəfər insan çalışır".

Tədbirin sonrakı hissəsi mətbuat nümayəndələrinə qapalı olub.

Xatırladaq ki, bu ilin əvvəlində Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyası yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə