"Türkiyəyə qarşı edilən iradların əsası yoxdur" MÜNASİBƏT

"Türkiyəyə qarşı edilən iradların əsası yoxdur" MÜNASİBƏT

"AŞPA-da Türkiyə ilə bağlı qəbul edilən qərar həm hüquqi, həm prosedur həm də mənəviyyat cəhətcə prinsiplərə uyğun gəlmir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, Türkiyə Avropa Şurasının qurucu ökələrindən biridir: "Türkiyə Avropa dəyərlərinin formalaşmasında, təşkilatın bugünkü nüfuzunun qalxmasında çox böyük rol oynayıb. Bir çox yeni müstəqillik qazanmış dövlətlər Türkiyənin dövlət quruculuğu məsələlərində insan hüquqlarının qorunması öz milli maraqlarını formalaşdırıb onu prinsipal cəhətcən müdafiə etməsində Türkiyədən çox şey öyrəniblər. Bununla belə Türkiyəni prosedurda nəzərdə tutulmadığı halda, qanunu yenidən monitorinq prosesinə qaytarmaq qardaş ölkəni aşağılamaq cəhdindən başqa bir şey deyil".

Deputatın sözlərinə görə, Avropanın müəyyən dairələri son dövrlərdə Türkiyəni ümumavropa evindən çıxarmaq, onun dünyada gedən proseslərə təsirini azaltmağa çalışırlar: "Bəzi Avropa dövlətləri bir-birinin ardınca uydurma "erməni soyqırımı"nın tanınması, refendumdan əvvəl Türkiyə rəsmilərinin Avropa ölkələrinə buraxılmaması, bundan başqa AŞPA-da tələsik prosedur qaydalarının pozulması ilə bağlı qərarın qəbul edilməsi, Avropanın, AŞPA-nın anti-türk siyasətində heç də xoşagəlməyən rol oynadı. Məqsəd Türkiyənin artan nüfuzuna kölgə salmaq, regionda və dünyada təsirini azaltmaqdan ibarətdir. Türkiyəyə qarşı edilən iradların heç birinin əsası yoxdur. Bunu anti-türk kampaniyasının təşkilatları da çox yaxşı bilirlər".

A.Mirzəzadə qeyd edib ki, dünyaya demokratiya, insan hüquqları dərsi keçən Avropa bu gün islamafobiyanın daha da gücləndirir: "Ənənəvi İslam dininə bağlı olan ölkələrə qarşı siyasi "Səlib yürüşü" təşkil edir. Vaxtilə Azərbaycan da AŞPA tərəfindən siyasi məhbus oyununa və ya ölkəmizi etmədiyi hərəkətlərə görə ittiham etmək prosesinə məruz qalıb. Bu gün Türkiyəyə qarşı aparılan kampaniyanı pisləyirik və onların yanındayıq. Qardaş ölkənin nüfuzunu azaltmaq mümkün deyil".

Milli Məclisin deputatı əlavə edib ki, həm Azərbaycan, həm də Türkiyə Avropanın bir hissəsidir: "Bu iki ölkəsiz Avropa yoxdur. Biz Avropada Şərqi təmsil edən ölkələrik. Bəlkə də bəzi dairələr Avropanın qapılarının hər iki ölkəyə qarşı bağlanmasına cəhd edirlər. Lakin bəzi dairələrin hərəkəti heç də bütün Avropa demək deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə