Deputat: "Valyutadəyişmə məntəqələrinin bağlanması turistlərə çətinlik yaradıb"

Deputat: "Valyutadəyişmə məntəqələrinin bağlanması turistlərə çətinlik yaradıb"

"Bundan sonra valyutadəyişmə məntəqələrinə nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirəcək". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bugünkü iclasında "Valyuta tənzimi haqqında" qanun layihəsi müzakirə olunarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda valyutadəyişmə məntəqələri vaxtilə fəaliyyət göstərərkən tənzimləyici funksiyasını Mərkəzi Bank həyata keçirirdi: "O zaman da valyutadəyişmə məntəqəsi açmaq istəyən şəxslər 500 manat məbləğində rüsum ödəyirdi. Müvafiq qanuna dəyişiklikləri nəzərdə tutan layihə qəbul olunarsa, nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatasına keçəcək".

Z. Səmədzadə söyləyib ki, lisenziyalar təkcə poçtlara deyil, eyni zamanda banklara, rezident və qeyri-rezidentlərə, vətəndaşlara veriləcək: "Valyutadəyişmə məntəqəsi ilə bağlı lisenziya almaq üçün girov tələb ediləcək".

Məsələ ilə bağlı fikirlərini bildirən millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması turist və vətəndaşlar arasında narahatlıqlara səbəb olub və müəyyən çətinliklər yaradıb.

Q. Həsənquliyev valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpasını və vətəndaşların bu hüquqlardan yararlanmasına şəraitin yaradılmasını müsbət qiymətləndirib. Bununla belə, o, qanunda lisenziyaların alınması ilə bağlı bəzi məqamlarla razılaşmadığını vurğulayıb: "Qanunun 13-1-ci maddəsinə əsasən, lisenziyanın verilməsi üçün fiziki şəxslərdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması ilə bağlı şəhadətnamənin surəti tələb olunur. Bəlkə həmin şəxsə lisenziya verilməyəcək. Niyə bu halda o gedib vergi orqanında qeydiyyatda durmalıdır? Bu məsələyə bir aydınlıq gətirilməsini istəyərdim. Bundan başqa, ərizədə qeyd olunan obyektlərinin hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən notarial qaydada təsdiq olunmuş sürəti tələb olunur. Əgər bu lisenziya ala bilməyəcəksə, valyutadəyişmə məntəqəsi kimi obyekti olmayan şəxslər niyə gedib kimlə isə müqavilə bağlayıb, pul ödəməlidir? Bunların tələb olunması doğru deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə